Kategoriler
Azertac

Dünya azərbaycanlıları Türkiyəyə həmrəylik nümayiş etdirirlər

İstanbul, 4 avqust, AZƏRTAC

Türkiyəmin müxtəlif bölgələrində baş verən güclü meşə yanğınları ağır fəsadlar törətməklə fauna və floranı məhv edir.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, baş verən bu hadisə soydaşlarımızı, o cümlədən dünya azərbaycanlılarını, xaricdə yaşayan həmvətənlərimizi də dərindən sarsıdıb.

Bildirilib ki, Türkiyənin tezliklə bu fəlakətin öhdəsindən gələcəyinə inam tamdır. Buna dəstək olaraq Azərbaycan Türkiyə diasporu ilə birlik və həmrəylik nümayiş etdirərək “yaşıl don”un yenidən bərpa edilməsi üçün “hərəmiz bir fidan olaq” adlı ağacəkmə kampaniyasına start verib. Kampaniyanın başladılmasında əsas məqsəd hər zaman olduğu kimi, belə bir vəziyyətdə də ortaq dəyərlərə, milli-mənəvi irsə, dilə, tarixə, mədəniyyətə, adət-ənənələrə sahib qardaş ölkə ilə həmrəylik nümayiş etdirməkdir. Azərbaycan diaspor təşkilatları və nümayəndələri, habelə Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor təmsilçiləri həmin humanitar kampaniyada yaxından iştirak etməklə bu bəşəri missiyaya öz töhfəsini verəcək.

Qeyd olunub ki, bu addım ekoloji təmiz bir dünya üçün birik və həmrəyik örnəyidir. Azərbaycan diasporu Türkiyənin yanındadır.

Kategoriler
Azertac

“Tokio-2020”: Azərbaycan boksçusuna bürünc medal təqdim olunub

Bakı, 4 avqust, AZƏRTAC

“Tokio-2020” Yay Olimpiya Oyunlarında kişi boksçular arasında 81 kiloqram çəki dərəcəsində fərqlənən idmançılara avqustun 4-də medallar təqdim olunub.

AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycan boksçusu Alfonso Domingesə bürünc medal təqdim olunub. Digər bürünc medalı isə rusiyalı İmam Xatayev boynundan asıb.

Kubalı Arlen Lopez qızıl, Böyük Britaniya təmsilçisi Benjamin Uittaker isə gümüş medala sahib olublar. A.Lopez ardıcıl ikinci dəfə Olimpiya çempionu olub.

Xatırladaq ki, ölkəmizin aktivinə digər iki bürünc medalı qadın cüdoçu İrina Kindzerska və yunan-Roma güləşçisi Rafiq Hüseynov yazdırıblar.

Kategoriler
Azertac

Yunus Əmrə İnstitutu Azərbaycan Texniki Universitetində türk dilinin tədrisini həyata keçirəcək

Bakı, 4 avqust, AZƏRTAC

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin Yunus Əmrə İnstitutu arasında türk dilinin tədrisi ilə bağlı protokol imzalanıb. Protokolu universitetin rektoru, professor Vilayət Vəliyev və institutun sədri, professor Şərəf Atəş imzalayıb.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, Türkiyə universitetləri, o cümlədən Qazi Universiteti ilə imzalanan ikili diplom haqqında müqavilələrin yerinə yetirilməsi üçün Yunus Əmrə İnstitutu AzTU-nun müxtəlif fakültə və ixtisaslarında türk dilinin tədrisini həyata keçirəcək.

Yunus Əmrə İnstitutu tərəfindən ilkin olaraq türk dili öyrənəcək tələbələr üçün səviyyə müəyyənləşdirmə imtahanı (SBS) təşkil ediləcək. Dərslərin sonunda türk dilinin beynəlxalq etibarlılığa malik olan və xarici tələbə qəbulunu asanlaşdıran türkcə yetərlik imtahanlarının (TYS) keçirilməsi və müvəffəqiyyət qazanan tələbələrə TYS sertifikatının verilməsi də nəzərdə tutulub.

Kategoriler
Azertac

“Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə zərərçəkmiş kimi tanınan məcburi köçkünlər Laçın rayonuna səfər ediblər

Bakı, 4 avqust, AZƏRTAC

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə 2015-ci ildə qəbul etdiyi qərara əsasən zərərçəkmiş kimi tanınan məcburi köçkünlər avqustun 3-də doğma Laçın rayonuna səfər ediblər.

AZƏRTAC xəbər verir ki, səfər zamanı həmin məcburi köçkünləri Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov müşayiət edib.

Qeyd edək ki, İnsan Hüquqları üzrə Avropa Konvensiyasının Azərbaycan Respublikasının vətəndaşları Elxan Çıraqov, Adışirin Çıraqov, Ramiz Cəbrayılov, Akif Həsənov, Fəxrəddin Paşayev və Qaraca Cəbrayılovun 2005-ci il 6 aprel tarixli iddiaları üzrə 2015-ci il iyunun 16-da qəbul etdiyi qərarda “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası”nın 8-ci, 13-cü və 14-cü maddələrinin və Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin pozulduğu əksini tapıb. Lakin qərarın qəbulundan altı ildən çox vaxt keçməsinə baxmayaraq, Ermənistan üzərinə qoyulan öhdəlikləri yerinə yetirmir, zərərçəkmiş kimi tanınan altı nəfər Azərbaycan vətəndaşına vurduğu mənəvi və maddi ziyana görə təzminat ödəmir. Həmçinin qərara əsasən, cavabdeh dövlət azərbaycanlı qaçqınların və məcburi köçkünlərin hüquqlarının bərpası üçün xüsusi mexanizm yaratmalı olsa da, bu məsələ də Ermənistan tərəfindən icra olunmamaqdadır.

Presedent xarakteri daşıyan bu aparıcı iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı beynəlxalq məhkəmə orqanının azərbaycanlı məcburi köçkünlərin işğal olunmuş ərazilərdəki mülkiyyət hüququnun pozulmasını tanıyan, işğal faktını təsdiq edən ilk və hələ ki yeganə sənədidir.

AZƏRTAC-a xəbər verir ki, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov bununla bağlı AZƏRTAC-a müsahibəsində deyib: “Bu gün biz Azərbaycanın Vətən müharibəsindəki şanlı qələbəsi nəticəsində işğaldan azad edilmiş Laçın rayonuna gəlmişik. Səfərimiz bu rayondan olan məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün işlərə başlanmasının işarəsidir. Məlumdur ki, Avropa Məhkəməsinin qərarı ilə Laçın rayonunun altı sakininin insan hüquqlarının Ermənistan tərəfindən pozulması əksini tapıb. Bu gün birlikdə gəldiyimiz sakinlər həmin qərarda zərərçəkmiş kimi tanınan şəxslər – Çıraqlı, Kamallı və Ağbulaq kəndlərindən olan məcburi köçkünlərdir. Biz həmin şəxslərin doğma evlərinə, daha dəqiq desək, evlərinin qalıqlarına baş çəkməyə gəlmişik. Bununla da Avropa Məhkəməsinin məlum qərarının tərəfimizdən icrası üçün tədbirlərin görülməsi zəruriliyini göstərmək istəyirik”.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məlum qərarının tələblərinin Ermənistan tərəfindən hələ də icra olunmadığını xüsusi qeyd edən Çingiz Əsgərov bildirib: “Həmin qərarla Ermənistan dövləti üzərinə bir sıra öhdəliklər qoyulub. Qərara əsasən, Ermənistan həmin sakinlərə Avropa Məhkəməsi tərəfindən müəyyən edilən təzminat ödəməlidir. Lakin qərarın qəbulundan altı il keçməsinə baxmayaraq, bu təzminat hələ də ödənilməyib. Bundan əlavə, qərara əsasən, Azərbaycanın bütün məcburi köçkün və qaçqınlarının pozulmuş hüquqlarının bərpası ilə bağlı müraciət etmələri üçün mexanizmin yaradılması barədə də Ermənistan dövləti üzərində öhdəlik müəyyən edilib. Ancaq qərarın qəbulundan ötən müddətdə bu öhdəlik də Ermənistan tərəfindən yerinə yetirilməyib. Biz səfərimizlə göstəririk ki, bu məsələ Azərbaycan dövlətinin diqqətindədir. Bütün istiqamətlərdə hücum siyasəti həyata keçirən Azərbaycan dövləti bu məsələdə də beynəlxalq ictimaiyyətin diqqətini cəlb edəcək və öz məqsədlərinə nail olacaq”.

Səfərdə iştirak edən laçınlı məcburi köçkünlər otuz illik Vətən həsrətindən sonra doğma yurdlarına qayıtmaqdan sonsuz sevinc duyduqlarını bildiriblər.

Avropa Məhkəməsinin qərarında zərərçəkmiş kimi tanınan Laçın rayon sakini Adışirin Çıraqov öz təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşərək deyib: “Doğma torpağımıza qovuşmağın yaratdığı sevinc hissini necə ifadə edəcəyimi bilmirəm. Laçını tərk etməyə məcbur qaldığımız ilk gündən daim mübarizə aparmışıq. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə qərarı çoxlarına məlumdur. Həmin işlə bağlı məhkəmə insan haqları, torpaq və əmlak məsələlərinə dair üç iddiamıza baxıb və 2015-ci ildə xeyrimizə qərar qəbul edib. Biz Ermənistanı üzərinə qoyulan öhdəliyi yerinə yetirməyə çağırırıq. İddialarımız təmin olunana qədər mübarizəmizi davam etdirəcəyik”.

Laçın rayonundan olan digər sakin Elxan Çıraqov doğma yurduna Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şanlı qələbəsi nəticəsində qayıtdıqlarını bildirib: “Otuz il ərzində işğal altında qalan əzəli torpaqlarımız Müzəffər Ali Baş Komandamızın və qəhrəman Ordumuzun sayəsində cəmi 44 gün ərzində düşməndən azad edildi. Bu gün Laçın torpağına qədəm qoyduğumuz üçün sevincimizin həddi-hüdudu yoxdur. Bizim üçün bundan daha gözəl, sevincli gün ola bilməz. Vaxtılə laçınlı Sultan bəy Zabux dərəsində ermənilərin qarşısını kəsib onların layiqli cavabını verib. Vətən müharibəsində isə Azərbaycan Ordusu düşmənə heç vaxt unutmayacağı dərs verdi. Bu anı bizə yaşatdığı üçün Azərbaycan Prezidentinə və Ordumuza dərin minnətdarlığımızı bildiririk. Doğma torpaqlarımızın azad edilməsi uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm”.

Ermənistanın hüquqi müstəvidə də məğlub olduğunu qeyd edən sakin bildirib: “Bu qərarla biz Ermənistan dövlətinə hüquqi müstəvidə də qalib gəldik. Məhkəmənin bizim xeyrimizə qərar qəbul etməsinə baxmayaraq, Ermənistan həmin qərarın icrası istiqamətində bu günə qədər heç bir addım atmayıb. Buna görə də iddialarımız tam təmin olunana qədər mübarizəmizi davam etdirəcəyik”.

Avropa Məhkəməsinin qərarına əsasən, Ermənistanın azərbaycanlı məcburi köçkünlər qarşısında cavabdeh tərəf kimi tanındığını ifadə edən laçınlı məcburi köçkün Fəxrəddin Paşayev deyib: “İşdə zərərçəkmiş kimi tanınan hər bir ailəyə məhkəmənin qərarı ilə Ermənistan tərəfindən rəmzi olaraq 5 min avro məbləğində təzminat ödənilməsi əksini tapıb. Lakin Ermənistan müxtəlif bəhanələrlə bu tələbi yerinə yetirməkdən boyun qaçırır. Buna görə də məhkəmə təzminatın ödənilməsinə dair ikinci dəfə qərar qəbul edib. Təəssüf ki, Ermənistan hələ də həmin təzminatı ödəməyib. Biz döyüş meydanında qələbə qazanıb torpaqlarımızı azad etdiyimiz kimi, bu təzminatı da Ermənistana ödətdirəcəyik. Çünki “qisas qiyamətə qalmaz” deyiblər. Bu məsələdə güzəştə getməyəcəyik”.

Vətən müharibəsində qələbədən sonra azad edilmiş torpaqlara qalib xalqın nümayəndələri kimi qayıtdıqlarını vurğulayan F.Paşayev bildirib: “Hər günün öz hökmü var. Bəlkə də bir il əvvəl bu torpaqlara qədəm qoysaydıq, bizə ağır təsir edərdi, çox kövrələrdik. Ancaq bu gün doğma Laçın torpağına qalib dövlətin qalib vətəndaşları kimi məğrur, başı dik qayıtmışıq. Ən önəmlisi budur ki, biz hüquqi müstəvidə də, hər meydanında da qalib gələn dövlətin vətəndaşları kimi Laçına gəlmişik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Allah Müzəffər Ali Baş Komandamızı qorusun”.

Kategoriler
Azertac

Müdafiə Nazirliyi Azərbaycan Ordusuna aid məlumatların təhrif olunmuş şəkildə yayılmasına münasibət bildirib

Bakı, 4 avqust, AZƏRTAC

Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Azərbaycan Ordusunda ştat dəyişikliyi, şəxsi heyətin rotasiyası, kadr islahatları və Orduya aid digər məlumatların təhrif olunmuş şəkildə və Müdafiə Nazirliyinin rəsmi məlumatına istinad edilmədən yayılması ciddi təəssüf və narahatlıq doğurur.

AZƏRTAC xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin feysbukdakı rəsmi səhifəsində yerləşdirilmiş məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, ümumiyyətlə, şəxsi heyətin, xüsusilə yuxarı çinli zabit heyətinin vəzifə yerdəyişməsi kimi məlumatlar xidməti xarakter daşıyır və hərbi-dövlət sirri sayıla bilər.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində zəfər qazanmış qalib Ordu haqqında Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad olunmadan bu cür məlumatların yayılması və ya sosial şəbəkələrdə əsassız müzakirə obyektinə çevrilməsi Ordumuzun gündəlik fəaliyyətinin təşkilinə mənfi təsir göstərir və əməliyyat şəraitində olan hərbi qulluqçularımızın həyatını təhlükə altına qoya bilər. Bu kimi hallar, eyni zamanda, Ermənistan xüsusi xidmət orqanlarının məlumatlandırılmasına, onların Ordumuza qarşı apardığı dezinformasiya və “fakenews” əməliyyatlarının asanlaşdırılmasına xidmət edir.

“Peşəkar, məsuliyyətli və vətənpərvər Azərbaycan mediasının daim və Vətən müharibəsi dövründə xüsusilə Ordumuza göstərdiyi dəstəyi yüksək qiymətləndiririk. Bununla belə, bəzi media nümayəndələrini və sosial şəbəkə istifadəçilərini Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə xalq-ordu birliyinə xələl gətirə biləcək informasiya təxribatlarının və məlumatlarının tirajlanmasının qarşısının alınmasında fəal olmağa və vətəndaş məsuliyyəti prinsipindən çıxış edərək Orduya dəstək olmağa çağırırıq”, – deyə Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.

Kategoriler
Azertac

Dövlət Komitəsində Türk-İslam dünyasının mədəni-mənəvi vəhdətindən danışılıb

Bakı, 4 avqust, AZƏRTAC

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Türkiyə Respublikasının Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşüb.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qardaş ölkənin səfirini Azərbaycandakı təyinatı münasibətilə təbrik edən Mübariz Qurbanlı hər sahədə yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan–Türkiyə münasibətlərinin daim gücləndiyini, eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olan iki ölkənin xalqları arasında əlaqələrin daim inkişaf etdiyini diqqətə çatdırıb. O bildirib ki, Türkiyə-Azərbaycan arasında tarix boyu formalaşmış qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, bütövlükdə Türk-İslam dünyasının mədəni-mənəvi vəhdətinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi yolunda iki ölkə hər zaman səy göstərib və göstərməkdə də davam edəcək.

Son günlər Türkiyənin bir sıra regionlarını əhatə edən yanğınlara görə dərin kədər və üzüntüsünü dilə gətirən M.Qurbanlı bu çətin günlərdə də Azərbaycanın qardaş Türkiyənin yanında olduğunu deyib, həlak olanların doğmalarına başsağlığı verib.

Komitə sədri 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdə – Azərbaycanın haqlı mübarizəsində Türkiyənin həmişə olduğu kimi xalqımızı yalnız qoymayaraq bütün dünyaya Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu, heç bir ölkənin Azərbaycana mane ola bilməyəcəyini bəyan etməsini, “bir millət, iki dövlət” prinsipinə sadiq olaraq müharibə dövründə həm mənəvi, həm də siyasi müstəvidə ölkəmizin yanında olmasını bildirib.

Eyni zamanda, görüş zamanı Komitə sədri dövlət-din münasibətləri, Konstitusiyada təsbit edilmiş vicdan azadlığı, ölkəmizdə hökm sürən tolerantlıq mühiti, ayrı-ayrı dinlər və konfessiyalar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri haqqında, eləcə də bu münasibətlərin tənzimlənməsi sahəsində fəaliyyət göstərən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi barədə məlumat verib.

Səfir Cahit Bağçı Dövlət Komitəsinin sədrinə səmimi təbriki üçün təşəkkür edib. O, Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətlərindən, bu əlaqələrin sağlam və davamlı inkişafından danışaraq bildirib ki, fəaliyyət göstərəcəyi müddət ərzində bu əlaqələrin daha da genişlənməsi üçün səylərini əsirgəməyəcək. Son günlər Türkiyədə baş verən meşə yanğınlarına toxunan C.Bağçı Türkiyənin güclü dövlət olduğunu və bu sınaqdan üzüağ çıxacağını, Azərbaycan dövlətinin yanğınların söndürülməsinə ilk günlərdən göstərdiyi dost və qardaş dəstəyinin təqdirəlayiq olduğunu vurğulayıb.

Səfir, eyni zamanda, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və ölkələrimiz arasında tarixi Şuşa Bəyannaməsinin imzalanmasının əhəmiyyətinə toxunub.

Dövlət Komitəsinin fəaliyyəti barədə danışan səfir bu sahədə ikitərəfli əlaqələrin daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Görüşün sonunda səfirə Dövlət Komitəsinin nəşr etdirdiyi Azərbaycanın multikultural və milli-mənəvi dəyərlərindən bəhs edən kitablar hədiyyə edilib.

Kategoriler
Azertac

Daşkənddəki diasporumuzun üzvlərinə Özbəkistanın “Dostluq” ordeni təqdim edilib

Daşkənd, 4 avqust, АZƏRTAC

Xalqlar Dostluğu Günü münasibətilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkənin elm, mədəniyyət, incəsənət xadimlərinə, azsaylı xalqların nümayəndələrinə ölkənin yüksək mükafatlarının verilməsi haqqında Fərman imzalayıb.

AZƏRTAC xəbər verir ki, Özbəkistan Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Komitəsində (MMXÖDK) mükafatların təqdim edilməsi mərasimi keçirilib.

Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva MMXÖDK-nın cəmiyyətdəki rolundan və əhəmiyyətindən danışıb, orden və medallara layiq görülən şəxsləri təbrik edib, onlara daha böyük uğurlar arzulayıb.

Sonra T.Narbayeva mükafatları sahiblərinə təqdim edib.

“Dostluq” ordeninə layiq görülənlər arasında Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Firdovsi Hüseynov və mərkəzin aktiv üzvü İlham Abdullayev də var.

F.Hüseynov, İ.Abdullayev və başqaları Özbəkistanın yüksək mükafatına layiq görüldüklərinə görə Özbəkistan hökumətinə minnətdarlıqlarını bildiriblər.

Kategoriler
Azertac

Səfir: Azərbaycan dövlətinin yanğınların söndürülməsinə göstərdiyi dost və qardaş dəstəyi təqdirəlayiqdir

Bakı, 3 avqust, AZƏRTAC

Avqustun 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qardaş ölkənin səfirini Azərbaycandakı təyinatı münasibətilə təbrik edən Mübariz Qurbanlı hər sahədə yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan–Türkiyə münasibətlərinin daim gücləndiyini, eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olan iki ölkənin xalqları arasında əlaqələrin daim inkişaf etdiyini diqqətə çatdırıb. O bildirib ki, Türkiyə-Azərbaycan arasında tarix boyu formalaşmış qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, bütövlükdə türk-İslam dünyasının mədəni-mənəvi vəhdətinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi yolunda iki ölkə hər zaman səy göstərib və göstərməkdə də davam edəcək.

Son günlər Türkiyənin bir sıra regionlarını əhatə edən yanğınlara görə dərin kədər və üzüntüsünü dilə gətirən M.Qurbanlı bu çətin günlərdə də Azərbaycanın qardaş Türkiyənin yanında olduğunu deyib, həlak olanların doğmalarına başsağlığı verib.

Komitə sədri 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdə – Azərbaycanın haqlı mübarizəsində də Türkiyənin həmişə olduğu kimi xalqımızı yalnız qoymayaraq bütün dünyaya Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu, heç bir ölkənin Azərbaycana mane ola bilməyəcəyini bəyan etməsini, “bir millət, iki dövlət” prinsipinə sadiq olaraq müharibə dövründə həm mənəvi, həm də siyasi müstəvidə ölkəmizin yanında olmasını yüksək qiymətləndirib.

Eyni zamanda, görüş zamanı Dövlət Komitəsinin sədri dövlət-din münasibətləri, Konstitusiyada təsbit edilmiş vicdan azadlığı, ölkəmizdə hökm sürən tolerantlıq mühiti, ayrı-ayrı dinlər və konfessiyalar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri haqqında, eləcə də bu münasibətlərin tənzimlənməsi sahəsində fəaliyyət göstərən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi barədə məlumat verib.

Səfir də öz növbəsində Dövlət Komitəsinin sədrinə səmimi təbriki üçün təşəkkür edib. O, Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətlərindən, bu əlaqələrin sağlam və davamlı inkişafından danışaraq bildirib ki, fəaliyyət göstərəcəyi müddət ərzində bu əlaqələrin daha da genişlənməsi üçün səylərini əsirgəməyəcək. Son günlər Türkiyədə baş verən meşə yanğınlarına toxunan Cahit Bağçı Türkiyənin güclü dövlət olduğunu və bu sınaqdan üzüağ çıxacağını, Azərbaycan dövlətinin yanğınların söndürülməsinə ilk günlərdən göstərdiyi dost və qardaş dəstəyinin təqdirəlayiq olduğunu vurğulayıb.

Səfir eyni zamanda, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və iki ölkə arasında tarixi Şuşa Bəyannaməsinin imzalanmasının əhəmiyyətinə toxunub.

Dövlət Komitəsinin fəaliyyəti barədə danışan səfir bu sahədə ikitərəfli əlaqələrin daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Görüşün sonunda səfirə Dövlət Komitəsinin nəşr etdirdiyi Azərbaycanın multikultural və milli-mənəvi dəyərlərindən bəhs edən kitablar hədiyyə olunub.

Kategoriler
Azertac

“Mədəni kənd-mədəni mühit” layihəsinin növbəti ünvanı Axıska türklərinin yaşadığı Nəsimikənd olub

Saatlı, 3 avqust, Aydın Yavərzadə, AZƏRTAC

“Mədəni kənd-mədəni mühit” layihəsi çərçivəsində növbəti toplantı Saatlı rayonu Nəsimikənd kəndində gerçəkləşib. Sabirabad Regional Mədəniyyət İdarəsi tərəfindən həyata keçirilən “Mədəni kənd-mədəni mühit” layihə əsasən ucqar kəndlərdə sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsinə yönəlib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Nəsimikənd kənd folklor evinin və “Adıgün” mədəniyyət evinin birgə təşkilatçılığı ilə layihə çərçivəsində tədbir keçirilib.

Əsasən Axıska türklərinin yaşadığı bu kənddə adət-ənənələrini, mədəniyyətini, folklorunu, mətbəxini özündə əks etdirən bir-birindən maraqlı kompozisiyalar tamaşaçılara təqdim olunub. Axıska türklərinin mətbəx nümunələrindən mantının, qətmərin və digər xəmir xörəklərinin hazırlanması və bişirilməsi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Daha sonra bir-birindən maraqlı rəqslər, mahnılar tamaşaçılara nümayiş olunub. Hər bir kompozisiya barədə ətraflı məlumat verilib. Nəsimikənd kənd mədəniyyət müəssisələrinin bədii özfəaliyyət kollektivi öz müxtəlif musiqi nümunələri ilə tədbirə xüsusi rəng qatıb.

Qeyd edilib ki, Azərbaycanda mövcud milli-mədəni müxtəliflik mühitinin qorunmasına yönəldilən dövlət siyasətinin tərkib hissəsi olan tədbirin keçirilməsi multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunması, zənginləşdirilməsi, cəmiyyətdə bu istiqamətdə qazanılmış nailiyyətlərin təbliğinin gücləndirilməsi məqsədi daşıyır.

Saatlı Rayon Mədəniyyət Mərkəzinin direktoru Bəylər Əliyev bildirib ki, əsas məqsədlərdən biri kənd əhalisinin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi, kənd yerlərində mədəniyyət müəssisələrinin fəaliyyətinin genişləndirilməsidir. Həmçinin kəndlərdə yaradıcı gənclərin aşkar olunması və tanıdılması layihənin əsas məqsədlərindən olduğu önəm daşıyır. Bundan başqa, kənd əhalisində ədəbi-mədəni irsimizə marağın artırılması baxımından belə tədbirlərin kəndlərdə mütəmadi keçirilməsi vacibdir.

Axıska Türkləri Vətən İctimai Birliyinin idarə heyətinin sədri İsmayıl Rəhimov deyib ki, bu kimi tədbirlərin mütəmadi keçirilməsi gənclərin mədəniyyət sahəsində inkişafına təkan verir. Həmçinin gələcək nəsillərin doğru yolda irəliləməsi üçün mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, qədim adətlərimizin qorunub saxlanılmasında və gələcək nəsillərə ötürülməsində belə görüşlərin xüsusi yeri var.

Kategoriler
Azertac

Rəcəb Tayyib Ərdoğan: Meşə yanğınları ilə əlaqədar göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm

İstanbul, 3 avqust, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində baş verən meşə yanğınları ilə mübarizədə onlara dəstək verən bütün ölkələrə və təşkilatlara təşəkkürünü bildirib.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, sosial media hesabı vasitəsilə fikirlərini ifadə edən Prezident Ərdoğan deyib: “Türkiyədəki meşə yanğınları ilə mübarizəmizə dəstək verən, başsağlığı göndərən, kömək etməyə hazır olduqlarını bildirən və yardım göndərən bütün dost ölkələrə və təşkilatlara millətim adından təşəkkür edirəm”.

Bu çətin dövrü ən qısa zamanda geridə qoyacaqlarını bildirən Rəcəb Tayyib Ərdoğan bildirib: “İlk andan etibarən göstərdikləri dəstəyə görə xüsusilə Azərbaycan Prezidentinə, əziz dostum İlham Əliyevə, Rusiya Prezidenti Vladimir Putinə və İspaniyanın Baş naziri Pedro Sançesə ölkəm adından təşəkkürümü bildirirəm. Güclü həmrəyliyinə görə qonşumuz İran Prezidenti İbrahim Rəisiyə, Qətər Əmiri Şeyx Təmimə, Xorvatiya Prezidenti Zoran Milanoviçə və Ukrayna Prezidenti Vladimir Zelenskiyə təşəkkürümü bildirirəm”.