Kategoriler
Azertac

Türkiyədə meydana gələn 125 yanğın hadisəsindən 117-si söndürülüb

İstanbul, 2 avqust, AZƏRTAC

Türkiyə ərazisində iyulun 28-dən bu günədək meydana gələn 125 yanğın hadisəsindən 117-si tamamilə söndürülüb və ya nəzarət altına alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə qardaş ölkənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli bildirib.

Çərşənbə gününə qədər yanğın bölgəsində havanın rütubətinin aşağı olacağını deyən nazir, isti və quru hava şəraitinin təxminən bir həftə davam edəcəyini xatırladaraq əhalini bununla bağlı daha diqqətli olmağa çağırıb.

Kategoriler
Azertac

Qəbələ festivalı çərçivəsində Bakı Kamera Orkestrinin konserti olub

Qəbələ, 1 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Qəbələ Musiqi Festivalının builki proqramı da rəngarəngliyi ilə seçilir. Festivalın ikinci günü axşam saatlarında tamaşaçılara Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Kamera Orkestrinin konserti təqdim olunub.

Orkestrin bədii rəhbəri SSRİ-nin və Azərbaycanın Xalq artisti Fərhad Bədəlbəyli, baş dirijoru Əməkdar artist Fuad İbrahimov, dirijoru Cavad Tağızadədir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Konqres Mərkəzinin zalında gerçəkləşən konsert Vətən müharibəsinin qazisi, respublika və beynəlxalq müsabiqələr laureatı Vüqar Məmmədzadənin “Şəhidlərə ithaf” əsərinin ifası ilə başlayıb. Solist respublika və beynəlxalq müsabiqələr laureatı, qoboy ifaçısı Əziz Pənahdır.

Konsertdə Xalq artisti, pianoçu Murad Hüseynovun ifasında İ.Sebastyan Baxın “konsert re minor (III hissə), Prezident təqaüdçüsü İlham Nəzərovun ifasında F.Hendelin “Lasicia chio pianga” və Vasif Adıgözəlovun “Qərənfil”, Xalq artisti, pianoçu Yeganə Axundovanın ifasında D.Şostakoviçin 2 saylı Konsert, həmçinin orkestrin ifasında Fikrət Əmirovun “Nizami xatirəsinə”, Fərhad Bədəlbəylinin “Bahar valsı” və Qara Qarayevin iki rəqsi səsləndirilib.

Festival çərçivəsində avqustun 2-də saat 17:00-da Heydər Əliyev Konqres Mərkəzində Bakı Musiqi Akademiyasının müəllimləri konsert proqramı ilə çıxış edəcək. Axşam 21:00-da isə musiqisevərlərə açıq səhnədə muğam axşamı təqdim olunacaq.

Kategoriler
Azertac

Rusiyanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkilinə Azərbaycan Xarici İşlər Nazirliyinin notası təqdim olunub

Bakı, 1 avqust, AZƏRTAC

Avqustun 1-də Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə dəvət olunub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin “Komsomolskaya Pravda” radiosunun “İtoqi s Jirinovskim” proqramının cari il 30 iyul tarixli buraxılışında Azərbaycanın dövlətçiliyi və rəhbərliyi ünvanına səsləndirdiyi qərəzli və təhqiramiz fikirləri ilə bağlı ciddi narahatlıq və etirazımız müvəqqəti işlər vəkilinin diqqətinə çatdırılıb.

Rusiya Dövlət Dumasında deputat mandatı ilə təmsil olunan bir şəxsin bu davranışının qeyri-etik olmaqla yanaşı, dövlətlərimiz arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun olmadığı, habelə bu münasibətlərə zərər gətirilməsinə hesablanmış məsuliyyətsiz və təxribat xarakterli ifadələrin səsləndirilməsinin qəbuledilməz olduğu vurğulanıb.

Bu xoşagəlməz hal ilə bağlı qarşı tərəfə Azərbaycan Xarici İşlər Nazirliyinin notası təqdim olunub.

Kategoriler
Azertac

Azad edilmiş ərazilərdə döyüş növbətçiliyi yüksək səviyyədə aparılır

Bakı, 1 avqust, AZƏRTAC

İşğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan Azərbaycan Ordusu bölmələrinin şəxsi heyətinin intensiv döyüş hazırlığı səviyyəsi artırılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin bölgələrdə, eləcə də yüksək dağlıq ərazilərdəki mövqelərdə yerləşən bölmələrdə günün nizam qaydalarına uyğun olaraq sutka ərzində fasiləsiz xidmət aparılır və döyüş növbətçiliyi yüksək səviyyədə təşkil edilir.

Ermənistan silahlı qüvvələrinin ehtimal olunan təxribatlarının qarşısının alınması ilə əlaqədar xidməti-döyüş fəaliyyəti təkmilləşdirilir.

Kategoriler
Azertac

Xarici jurnalistlər Gəncədə Ermənistanın törətdiyi cinayətlərlə tanış olublar

Gəncə, 1 avqust, Səlim Rəhimzadə, AZƏRTAC

Avqustun 1-də xarici media nümayəndələri Ermənistanın günahsız mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, səfərin məqsədi ötən il oktyabrın 11-də və 17-də gecə saatlarında Azərbaycanın ikinci böyük şəhəri, cəbhə zonasından kənarda yerləşən Gəncənin Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayət izləri ilə tanış etməkdir.

Ermənistanın hərbi cinayətləri ilə tanış olan qonaqlara məlumat verilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq, razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub. Gəncə şəhərinə raket hücumları nəticəsində aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub və onlardan 6-sı uşaqdır. Atəş nəticəsində 142 nəfər yaralanıb.

Qeyd olunub ki, əhalinin sıx yaşadığı ərazilərə “Toçka-U”, “Smerç”, “Skad” və digər raketlərlə gecə saatlarında hücumun həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədi daşıyıb. Baxmayaraq ki, dinc vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması insanlığa qarşı cinayətdir, Ermənistan beynəlxalq hüquqa məhəl qoymadan müharibə cinayətlərini davam etdirib.

Kategoriler
Azertac

Müdafiə Nazirliyi: Naxçıvan istiqamətindəki mövqelərimiz atəşə tutulub

Bakı, 1 avqust, AZƏRTAC

Avqustun 1-i saat 03.45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Qarşı tərəf cavab atəşi ilə susdurulub. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Kategoriler
Azertac

XII Qəbələ Musiqi Festivalının ilk konserti və təntənəli açılış mərasimi olub

Qəbələ, 31 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycanın dilbər guşələrindən olan Qəbələ şəhəri yenidən öz qapılarını sənətsevərlərin, Musiqi Festivalı iştirakçılarının üzünə açıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı, Azərbaycan Respublikasının Təhsil və Mədəniyyət nazirliklərinin, Bakı Musiqi Akademiyasının və “Gilan Holdinq”in dəstəyi ilə iyulun 31-də başlayan XII Qəbələ Musiqi Festivalı avqustun 4-dək davam edəcək.

Builki festival əlamətdar hadisəyə – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunub. Yubileyin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il mayın 26-da Sərəncam imzalayıb. Bununla bağlı respublikamızın bir çox bölgələrində, musiqi-tədris ocaqlarında müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. XII Qəbələ Musiqi Festivalı da yubileyə həsr olunmuş tədbirlərdən biridir.

Musiqi ictimaiyyəti arasında böyük rəğbətlə qarşılanan Qəbələ Musiqi Festivalının proqramı bu il də çox zəngindir. Musiqisevərlər festival günlərində bir çox musiqi kollektivlərinin maraqlı konsert proqramından zövq alacaqlar. Festivalda klassik musiqi ilə yanaşı, muğam, vokal, kamera musiqisi axşamları da təşkil olunacaq.

İyulun 31-də axşam saatlarında Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında musiqisevərlərə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin iştirakı ilə festivalın ilk konserti təqdim olunub. Konsertdə respublika və beynəlxalq müsabiqələr laureatları çıxış ediblər. Pianoçular Leyla Zeynalova, Atabala Manafzadə, Cəmil Sədizadə, Rəşid Behbudov, Jalə Mayılova, Səbinə Muradova, Gülər Ağayeva və Fəqan Həsənlinin, violin ifaçıları Osman Mustafazadə, Zərrin Əliyeva və Aysel Abdullayevanın, violençel ifaçısı Orxan Hüseynovun, həmçinin viola, fleyta, klarnet və truba ifaçılarının, vokalçılar Nigar Əsgərova və Sübhan Rüstəmovun ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Konsertdə S.Raxmaninov, H.Venyavski, A.Messager, A.Skryabin, A.Piazzolla, F.Şopen, D.Şostakoviç, həmçinin Azərbaycan bəstəkarlarından Tofiq Quliyev, Fikrət Əmirov və Müslüm Maqomayevin əsərləri səsləndirilib.

Gənc musiqiçilərin çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

X X X

Sonra “Qafqaz Resort” otelində açıq səhnədə XII Qəbələ Musiqi Festivalının təntənəli açılış mərasimi olub.

Əvvəlcə ölkəmizdə musiqi mədəniyyətinin inkişafında və təbliğində müstəsna xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub.

Məktubda deyilir:

“Hörmətli festival iştirakçıları!

Xanımlar və cənablar!

Sizi  – XII Qəbələ Musiqi Festivalının bütün iştirakçılarını və qonaqlarını ürəkdən salamlayır, festivalın işinə uğurlar diləyir, hər birinizə ən xoş arzularımı çatdırıram.

2009-cu ildən etibarən ənənəvi olaraq təşkil olunan Qəbələ Beynəlxalq Musiqi Festivalı mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı, mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə böyük töhfəsini verən musiqi bayramı kimi ölkəmizin hüdudlarından kənarda da şöhrət qazanmışdır.

Bütün dünyanın mübarizə apardığı koronavirus pandemiyası səbəbi ilə festivalın təşkil olunmadığı 2020-ci il xalqımızın yaddaşına və tarixinə 44 günlük Vətən müharibəsi və Müzəffər Azərbaycan Ordusunun şanlı Zəfəri ilə əbədi həkk olundu. 30 ilə yaxın işğal altında olan əzəli Azərbaycan torpaqları azad olundu və ölkəmizin ərazi bütövlüyü bərpa edildi!

Qarabağın tacı olan Şuşa şəhərini ölkəmizin mədəniyyət paytaxtı elan edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı əsasında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə bu ilin may ayında “Xarıbülbül” musiqi festivalı bərpa olundu. Əfsanəvi Cıdır düzündə Azərbaycan musiqisini dinləmək arzusunda olan sənətsevərlərin uzunillik həsrətinə son qoyuldu.

Əziz dostlar!

Qloballaşan dünyada müxtəlif sivilizasiyalar və xalqlar arasında mədəniyyətlərarası dialoqun qurulması və inkişafı dövrümüzün ən vacib tələblərindən biridir. Beynəlxalq aləmdə mövcud olan problemlərin, münaqişələrin həll edilməsində, ayrı-ayrı xalqlar arasında qarşılıqlı hörmətin təşviqində dialoq ən gözəl vasitədir. Əsrlər boyu mədəniyyətlərarası dialoqun inkişafına öz töhfəsini verən Azərbaycan da tarixən müxtəlif millətlərin mədəniyyət və incəsənətinin qarşılıqlı zənginləşməsinə, xalqlar arasında olan birliyin daha da gücləndirilməsinə səy göstərib. Bu baxımdan, artıq illərdir ki, təşkil olunan Qəbələ Musiqi Festivalının rolunu yüksək qiymətləndirirəm.

Builki festival müsəlman Şərqinin yeni tipli ali musiqi təhsili ocağı olan Bakı Musiqi Akademiyasının 100 illik yubileyinin qeyd olunduğu ilə təsadüf edir. Milli musiqi sənətimizi bütün dünyada uğurla təmsil edən və yaradıcılığı Azərbaycan musiqisinin qızıl fonduna daxil olan görkəmli sənətkarların, tanınmış ifaçıların bir neçə nəsli məhz Bakı Musiqi Akademiyasının yetirmələridir. Təsadüfi deyil ki, XII Qəbələ Musiqi Festivalının iştirakçıları da, əsasən, peşəkar musiqiçi kadrların hazırlanmasına və klassik musiqi irsimizin öyrənilməsinə xidmət edən Bakı Musiqi Akademiyasının müəllim və tələbə heyəti və onun məzunlarıdır.

Mən festivalın bütün iştirakçılarına uğurlar arzu edirəm! Əminəm ki, tamaşaçılara maraqlı və rəngarəng musiqi proqramı təqdim olunacaq, XII Qəbələ Musiqi Festivalı hər zaman olduğu kimi qonaqlarımızın yaddaşında, Azərbaycan musiqi mədəniyyəti tarixində mənalı səhifələrdən biri kimi qalacaqdır”.

Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevanın, mədəniyyət naziri Anar Kərimovun iştirak etdikləri açılış mərasimində çıxış edən Təhsil Naziri Emin Əmrullayev deyib:

– Builki festival mahiyyət etibarilə bir qədər fərqli, eyni zamanda, tarixi bir hadisəyə təsadüf edir. Belə ki, Bakı Musiqi Akademiyasının 100 illik yubileyini məhz bu il qeyd edirik. Bakı Musiqi Akademiyası sıradan bir ali təhsil müəssisəsi deyil, özünün 100 illik fəaliyyəti dövründə Azərbaycanın və dünyanın bir sıra aparıcı musiqiçilərini, sənət adamlarını yetişdirib. Eyni zamanda, düşünürəm ki, Bakı Musiqi Akademiyası hər bir azərbaycanlının dəyər sistemində, kimliyində çox önəmli və vacib bir yer tutan ali təhsil müəssisəsidir. Bu, iki mənada önəmlidir. Birincisi, məhz bu təhsil, elm, musiqi ocağı Azərbaycan musiqisinin sistemləşdirilmiş və nəsildən nəslə keçəcək bir irs formalaşdırılmasında xüsusi əhəmiyyəti olan bir təhsil müəssisəsidir. Eyni zamanda, bu təhsil ocağı dünya musiqisinə və dünya mədəniyyətinə Azərbaycanın inteqrasiya olunması baxımından da özünəməxsus bir ali təhsil müəssisəsidir.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycanın Xalq artisti, professor, Qəbələ Musiqi Festivalının bədii rəhbəri Fərhad Bədəlbəyli çıxışında builki festivalın əlamətdar hadisəyə – Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunduğunu vurğulayaraq, bu yubileyin Azərbaycanın mədəni həyatında çox böyük hadisə olduğunu bildirib. O, Qəbələ Musiqi Festivalına uğurlar arzulayıb.

Açılış mərasimindən sonra Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestri geniş konsert proqramı ilə çıxış edib. Orkestrin bədii rəhbəri və baş hərbi drijoru Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi Hərbi Orkestr Xidmətinin rəisi, Xalq artisti, general-mayor Yusif Axundzadədir.

Konsertin əvvəlində orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni və Ü.Hacıbəylinin “Koroğlu” operasından “Üvertüra” səsləndirilib.

Orkestrin rəisi Əməkdar incəsənət xadimi, polkovnik-leytenant Rüfət Axundzadənin və hərbi dirijor baş leytenant Elnur Qurbanovun drijorluğu ilə keçirilən konsertdə Aynur İsgəndərli (vokal), Arslan Növrəsli (tar), Kənan Qədimov (vokal), Gülnar Qüdrətli (xanəndə), Namiq Qurbanov (zurna, balaban) və Anar Hüseynovun (nağara) ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Kategoriler
Azertac

Reza Deqati: Mən 30 ildir Qarabağ məsələsini dünya ictimaiyyətinə çatdırıram

Bakı, 31 iyul, Məmməd Məmmədli, AZƏRTAC

Hər zaman görəndə ki, dünya haqq sözə göz yumub, fotolarımla ədalətin bərpa olunacağına inanmışam. Bir çox ölkədə siyasi səbəblərə görə insanlara səhv məlumat verilir. Mən həmin insanların gözünü açmağa çalışmışam. Çox zaman Avropada, əsasən də Fransada dünyada baş verən hadisələri cəmiyyətə olduğu kimi çatdırmırlar. Mən orada sərgilər təşkil edir, insanlara fotolarımla həqiqəti göstərməyə çalışıram.

AZƏRTAC xəbər verir ki, bu sözləri dünya şöhrətli fotoqraf Reza Deqati iyulun 31-də Heydər Əliyev Mərkəzinin önündə açıq havada təşkil olunan “Fotoların tarixi” adlı sərgisində deyib.

“Mən 30 ildir Qarabağ məsələsini dünya ictimaiyyətinə çatdırıram. Fransada təşkil etdiyim sərgidə erməni diasporu mənimlə razılaşmır, hətta sərgimi pozmağa çalışıb. Əfqanıstan, Ruanda, Sarayevo məsələlərində də eyni hallarla qarşılaşmışam. Kimsə mənimlə razılaşmayanda fakt olaraq fotolarımı göstərirəm”, – deyə Reza Deqati bildirib.

Sərgilənən fotoları haqda məlumat verən Reza Deqati Azərbaycanın tolerant ölkə olduğunu bildirib: “Rus pravoslav kilsəsi sovet dövründə bağlanıb, anbar və idman zalı kimi istifadə edilib. 1990-cı ildə baş vermiş qanlı 20 Yanvar hadisələrində sovet raketləri kilsəyə ciddi ziyan vurub. 2000-ci ildə azərbaycanlı iş adamı Aydın Qurbanov kilsəni öz vəsaiti hesabına bərpa etdirib. Bu, azərbaycanlıların tolerant olduğunu göstərən nümunələrdən biridir”.

Birinci Qarabağ müharibəsində Şuşada olarkən çəkdiyi foto barədə danışan R.Deqati deyib: “O vaxt yollar bağlı idi. Dağlarda uzun və çətin yürüşdən sonra mən Şuşa şəhərinə çatdım. Blokada zamanı artilleriya atəşi şəhərin əksər hissələrini məhv etmişdi və buna görə də azərbaycanlı əsgərlər Şuşadakı məktəbdən yaşayış yeri kimi istifadə edirdilər. O vaxt cəsur əsgərlər lazımi təchizatların çatışmazlığı səbəbindən əziyyət çəkirdilər. 1992-ci il mayın 8-də erməni silahlı qüvvələri şəhəri ələ keçirdilər. 28 il sonra, 2020-ci il noyabrın 8-də şiddətli döyüşlər nəticəsində Azərbaycan əsgərləri ən təhlükəli  və çətin dağ yollarını aşaraq şəhəri geri qaytardılar. Mən oraya qayıdanda bütün evlərin, məscidlərin, muzeylərin, tarixi abidələrin, məktəblərin, qəbiristanlıqların məhv edildiyini gördüm. Bu isə erməni faşizminin mahiyyətini göstərir”.

Sərgidə Reza Deqati çəkdiyi digər fotoların da tarixindən danışıb, ictimaiyyət nümayəndələrinin və jurnalistlərin suallarını cavablandırıb.

Qeyd edək ki, sərgidə məşhur fotoqrafın 100 fotosu nümayiş etdirilir.

Kategoriler
Azertac

TANAP-la bu il Türkiyəyə 2,7 milyard kubmetr Azərbaycan təbii qazı göndərilib

Bakı, 31 iyul, AZƏRTAC

Yarım ildə TANAP boru kəməri ilə Türkiyəyə 2,7 milyard kubmetrdən çox Azərbaycan təbii qazı nəql olunub.

Bu barədə AZƏRTAC-a Energetika Nazirliyindən bildirilib.

Qeyd edək ki, 2018-ci il iyunun 30-dan indiyədək TANAP-la 10 milyard kubmetrdən çox qaz nəql edilib.

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan ilk kommersiya təbii qazının TANAP boru kəməri ilə Türkiyəyə nəqlindən 2 il ötüb. TANAP-la Türkiyəyə kommersiya qazının nəqlinə başlanmasının birinci ili 2 milyard kubmetr qaz tədarük edilib. Ticari əməliyyatların ikinci ili ötən il iyunun 30-da bitib və həmin tarixə TANAP-la nəql edilən Azərbaycan qazının həcmi 5,8 milyard kubmetr olub. Kəmərin mövcud ötürücülük qabiliyyəti hazırda 16 milyard kubmetrdir, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. İlkin mərhələdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq.

“Şahdəniz-2” qazını Türkiyəyə nəql edən TANAP boru kəməri Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə qoşulub, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşib. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan və 3500 kilometrlik Cənub Qaz Dəhlizinin birləşdirici halqasını təşkil edən TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düymlük hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düymlük hissəsinin uzunluğu isə 480 kilometrdir. Mərmərə dənizi boyunca isə boru kəmərinin diametri 36 düym təşkil edir. İki fazada icra olunan layihə çərçivəsində boru kəmərinin uzunluğu (19 kilometri Mərmərə dənizindən keçməklə) ümumilikdə 1850 kilometrdir.

Layihə ilə bağlı Azərbaycanla Türkiyə anlaşma memorandumunu 2011-ci il dekabrın 24-də imzalanıb, bu çərçivədə SOCAR tərəfindən “TANAP Doğalgaz İletim AŞ” şirkəti yaradılıb. TANAP boru kəməri sisteminə dair Saziş isə 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib. Bununla da Türkiyə və Azərbaycan siyasi rəhbərliyinin fəaliyyəti nəticəsində TANAP tikintisi ilə bağlı razılıq əldə edilib. Layihə çərçivəsində hasil olunacaq qazın uzunmüddətli sazişlər əsasında Avropa İttifaqı ölkələrinə ixrac edilməsi üçün mühüm addımlar atılıb, TANAP və TAP qaz boru kəmərlərinin inşasına dair sazişlər imzalanıb. 2015-ci il martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin iştirakı ilə TANAP-ın təməli qoyulub. 2018-ci il iyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində Prezident İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Şimali Kipr xalqının lideri Mustafa Akıncı, Serbiya Prezidenti Aleksandr Vuçic, Ukrayna Prezidenti Petro Poroşenko və digər rəsmi şəxslərin iştirakı ilə TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. TANAP-ın Avropaya qaz nəqlini nəzərdə tutan ikinci fazası keçən il noyabrın 30-da istifadəyə verilib. TANAP layihəsinə 6,5 milyard dollar xərclənib.

TANAP Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 20 şəhər və 67 vilayətindən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanır. “Enerjinin İpək yolu” adlandırılan TANAP layihəsi təbii qazın “Şahdəniz”, eyni zamanda, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir.

TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi “SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ), 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.

Kategoriler
Azertac

Azərbaycan MN: Ordumuzun hərbi qulluqçusunun həlak olması ilə bağlı araşdırma aparılır

Bakı, 31 iyul, AZƏRTAC

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Aslanov Şamil Mais oğlu ilkin ehtimala görə silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olub.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirliyin məlumatında bildirilib ki, faktla bağlı araşdırma aparılır.