Kategoriler
Azertac

Bişkekdə Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzi açılıb

Bakı, 13 dekabr, AZƏRTAC

Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzi fəaliyyətə başlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, “Mərkəzi Asiyada Tərəqqipərvər Azərbaycanlıların Birliyi” ictimai təşkilatının sədri Xansıvar Baxşəliyev çıxış edərək dekabrın 11-də açılan mərkəzdə Azərbaycan, qırğız dilləri və milli rəqslərin tədris olunacağını diqqətə çatdırıblar. Qeyd edilib ki, burada təkcə Azərbaycan əsilli uşaqlar deyil, həm də qırğız və digər xalqların övladları təhsil alacaqlar.

Mərkəz eyni kökə, oxşar dilə və mədəniyyətə malik olan qardaş Azərbaycan və qırğız xalqları arasında dostluq körpüsü rolunu oynayacaq.

Kategoriler
Azertac

Ceyhun Bayramov Şərq Tərəfdaşlığı ölkələrinin XİN başçılarının görüşündə iştirak edib

Bakı, 12 dekabr, AZƏRTAC

Noyabrın 12-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Brüsselə işgüzar səfəri çərçivəsində Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozef Borelin sədrliyi ilə keçirilən görüşdə Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirləri və Avropa Komissiyasının Qonşuluq və Genişlənmə məsələləri üzrə komissarı Oliver Varhelyi də iştirak edib. Tədbir ali nümayəndə Borelin və komissar Varhelyinin, habelə aidiyyəti struktur bölmələrin rəhbərlərinin çıxışı ilə başlayıb.

İclasda Şərq Tərəfdaşlığının hazırkı vəziyyəti və gələcək istiqamətləri, regional təhlükəsizlik, Avropa İttifaqı ilə tərəfdaş ölkələr arasında münasibətlərin perspektivləri haqqında müzakirə aparılıb. Görüşdə, həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin inkişafı, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol, nəqliyyat-kommunikasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib, ölkəmizin regional nəqliyyat-logistika qovşağı olması vurğulanıb.

Nazir Ceyhun Bayramov çıxış edərək ölkəmizin Avropa İttifaqı ilə bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafında maraqlı olduğunu və Azərbaycan Şərq Tərəfdaşlığını qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq, ortaq maraqlar və faydalara əsaslanan ikitərəfli Aİ-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm tamamlayıcı mexanizm kimi görməkdə davam etdiyini qeyd edib. O, Azərbaycan ilə Avropa İttifaqı arasında, enerji və nəqliyyat əlaqələrinin yaradılması, ticarət əməkdaşlığının inkişaf etdirilməsi imkanlarına toxunub.

Nazir Aİ-nin Azərbaycan üçün ən böyük ticarət və investisiya tərəfdaşı olduğunu və 2022-ci il iyulun 18-də Azərbaycan və Avropa İttifaqı arasında imzalanmış Anlaşma Memorandumunun özündə enerji təhlükəsizliyinin bir sıra komponentlərini, o cümlədən “yaşıl enerji”nin Avropaya potensial ixracı baxımından əhəmiyyətli olacağını vurğulayıb. Həmçinin, Aİ ilə Azərbaycan arasında yeni ikitərəfli saziş üzrə danışıqların uğurla davam etdiyi bildirilib.

Ceyhun Bayramov Azərbaycanın işğaldan azad edilmiş ərazilərində inkişaf etməkdə olan nəqliyyat qovşağının, o cümlədən Zəngəzur dəhlizinin regional sülh və davamlılıq üçün müsbət rol oynayacağını və regiondaxili ticarətə təkan verəcəyini vurğulayıb.

Görüş zamanı nazir Ceyhun Bayramov Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sərhədlərin delimitasiyası, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş məlumat verib. Nazir Azərbaycan tərəfindən sülhün təmin olunması sahəsində səylərə baxmayaraq, Ermənistanın hələ də üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirmədiyini diqqətə çatdırıb.

Nazir, həmçinin azad olunmuş ərazilərdə mina təhlükəsinə diqqəti cəlb edib və Ermənistan tərəfindən mina xəritələrinin təqdim edilməsinin vacibliyini səsləndirib. Ermənistanın Azərbaycan ərazilərində kütləvi şəkildə yeni minalar yerləşdirməkdə davam etdiyi vurğulanıb.

Bu ilin avqust ayından etibarən Azərbaycanın suveren ərazilərində 2021-ci ildə Ermənistanda istehsal olubmuş 2728 piyada əleyhinə mina aşkar edildiyi, indiyə qədər 268 nəfərin mina qurbanı olduğu bildirilib. Minaların Azərbaycan ərazisinə gətirilməsinin yalnız humanitar məqsədlər üçün nəzərdə tutulan Laçın dəhlizindən sui-istifadə edilməsi olduğu diqqətə çatdırılıb. Problemin miqyasını və ciddiliyini nəzərə alaraq, onunla mübarizədə beynəlxalq həmrəylik və dəstəyin mühüm əhəmiyyət daşıdığı nazir tərəfindən qeyd olunub.

Azərbaycanın münaqişədən sonrakı genişmiqyaslı bərpa, yenidənqurma və reinteqrasiya işləri ilə yanaşı, Ermənistanla dövlətlərarası münasibətlərin normallaşdırılması prosesində də təşəbbüs göstərdiyini bildirən nazir Azərbaycanın Ermənistana dövlət sərhədləri daxilində bir-birinin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı tanınma və hörmət əsasında sülh təklif etdiyini vurğulayıb.

Daha sonra, digər Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirləri, eləcə də Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri çıxış edərək tərəfdaşlığın perspektivləri barədə danışıblar.

Kategoriler
Azertac

Laçın-Şuşa yolunda Azərbaycan ekoloq və fəallarının etiraz aksiyası davam edir

Şuşa, 12 dekabr, Ziyadxan Həsənov, AZƏRTAC

Şaxtalı havaya baxmayaraq qeyri-hökumət təşkilatlarını təmsil edən bir qrup Azərbaycan ekoloqunun Laçın-Şuşa yolunda etiraz aksiyası davam edir. Onlar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii ehtiyatların qanunsuz istismarına etirazlarını bildirirlər.

AZƏRTAC-ın müxbiri hadisə yerindən xəbər verir ki, ekoloji fəallar təbii sərvətlərin talan edilməsinə son qoyulması tələblərini bildirən şüarlar söyləyirlər. Etirazçılar Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına buraxılmayınca aksiyanı davam etdirmək fikrində olduqlarını bildirirlər. Etirazçılar üçün qurulmuş çadırlara isti yemək çatdırılır.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya tərəfinə etiraz notası göndərib. Notada Azərbaycan nümayəndələrinin göstərilən yataqlara maneəsiz baş çəkmələrini təmin etməyə çağırış əks olunub. Belə səfərə maneə törətməyin və ya hər hansı şərtlər irəli sürməyin yolverilməz olması vurğulanıb. 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanata uyğun olaraq Azərbaycan ərazisində yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti tərəfindən Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə ciddi riayət edilməsinin zəruriliyi diqqətə çatdırılıb.

Kategoriler
Azertac

Ümummilli Liderin əziz xatirəsi İğdırda ehtiramla yad edilib

Ankara,12 dekabr, AZƏRTAC

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Türkiyənin İğdır şəhərində fəaliyyət göstərən İğdır-Azərbaycan Evində mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, İğdır–Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyi tərəfindən təşkil olunan tədbirdə yerli ictimaiyyətinin tanınmış nümayəndələri, eləcə də Heydər Əliyev adına Texniki Liseyin şagirdləri, İğdır Universitetinin tələbələri, ziyalılar iştirak ediblər.

Əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Ümummilli Lideri Heydər Əliyevin dərin mənalı ömür yolundan bəhs edən İğdır-Azərbaycan Evinin sədri, tədqiqatçı-yazıçı Ziya Zakir Acar diqqətə çatdırıb ki, Ulu Öndərin siyasi fəaliyyəti yalnız Azərbaycanın deyil, keçmiş SSRİ-nin süqutu nəticəsində müstəqilliyini bərpa edən bütün türk dövlətlərin suverenliyinin qorunmasını və inkişafını əhatə edirdi. Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət!” kəlamını Azərbaycan-Türkiyə qardaşlıq fəlsəfəsi kimi dəyərləndirən natiq deyib ki, Ümummilli Liderimiz qətiyyətli siyasi qərarları və nəhəng layihələri ilə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün türk dünyasının birliyi və həmrəyliyi naminə yarımçıq qalan ideyalarının həyata vəsiqə qazanmasını təmin edib. Hazırda Türkiyə və Azərbaycanın liderliyində bütün türk dövlətləri Ulu Öndər Heydər Əliyevin möhkəm təməl üzərində qurduğu strategiyadan, beynəlxalq səviyyəli layihələrdən bəhrələnirlər.

Kategoriler
Azertac

Türkmənistan milli rəqəmsal şəbəkə qurmağı planlaşdırır

Bakı, 10 dekabr, AZƏRTAC

Türkmənistanda internetlə bağlantısı olmayan milli rəqəmsal şəbəkənin qurulması planlaşdırılır.

AZƏRTAC “Neytralnıy Turkmenistan” qəzetinə istinadla xəbər verir ki, Prezident Sərdar Berdiməhəmmədov ölkədə internetə qoşulmayan müstəqil milli rəqəmsal şəbəkənin qurulması, həmçinin bu işlərlə bağlı sistemli işlərin aparılması məqsədilə müvafiq sərəncam imzalayıb.

Bir müddət öncə Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ölkədə müstəqil milli rəqəmsal şəbəkənin yaradılması təklifi ilə çıxış edib. Nazir, həmçinin xatırladıb ki, üç il əvvəl Türkmənistan Xarici İşlər Nazirliyinin mərkəzi aparatının strukturunda respublikanın xarici siyasətinin və beynəlxalq təşəbbüslərinin prioritetlərini media resursları vasitəsilə dünya ictimaiyyətinə çatdırmaq üçün rəqəmsal diplomatiya şöbəsi yaradılıb.

Kategoriler
Azertac

Özbəkistan əhalisinin sayı 36 milyon nəfəri ötüb

Bakı, 10 dekabr, AZƏRTAC

Özbəkistan Respublikasında daimi yaşayan əhalinin sayı 36 milyon nəfəri ötüb.

AZƏRTAC UzA saytına istinadla xəbər verir ki, Özbəkistan Dövlət Statistika Komitəsinin dekabrın 9-na olan məlumatına görə, respublika əhalisinin sayı 36 milyon 1301 nəfər təşkil edib. Onlardan 18,1 milyonu kişilər, 17,9 milyonu qadınlardır.

Hazırda Özbəkistan əhalinin sayına görə dünya ölkələri arasında 41-ci yeri tutur.

Özbəkistanda doğum səviyyəsi yüksək olaraq qalır. Ötən ay 83 min 197 yeni doğulmuş körpə qeydə alınıb. 2030-cu ilədək ölkə əhalisinin 41 milyon nəfərə çatacağı proqnozlaşdırılır.

Kategoriler
Azertac

Azərbaycan Rusiya sülhməramlılarının yerləşdirildiyi ərazilərdə monitorinqə başlayır

Bakı, 10 dekabr, AZƏRTAC

Dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət dekabrın 10-dan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlayır.

İqtisadiyyat Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilib ki, monitorinq zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış və müxtəlif istiqamətlər üzrə monitorinq, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi nəzərdə tutulub.

Kategoriler
Azertac

TÜRKSOY-un mədəniyyət paytaxtının simvolu Bursadan Şuşaya ötürüldü

Bakı, 10 dekabr, AZƏRTAC

Dekabrın 9-da TÜRKSOY-un 2022-ci il “Bursa – Türk mədəniyyət paytaxtı ili”nin rəsmi bağlanış mərasimi keçirilib. Mərasimdə mədəniyyət paytaxtının simvolu Bursadan Şuşaya ötürülüb.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, simvol Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimova Bursa Böyükşəhər bələdiyyə rəhbəri Alinur Aktaş tərəfindən təhvil verilib.

TÜRKSOY-un baş direktoru Sultan Rayev, Türk Dövlətləri Təşkilatının baş direktoru Kubanıçbek Ömüraliyev, Bursa valisi Yakub Canbolat, Bursa Böyükşəhər bələdiyyə rəhbəri Alinur Aktaş çıxışlarında zəngin tarixi və mədəni irsin beşiyi, dahi şəxsiyyətlərin vətəni, keçilməz qala olan Şuşanın “2023-cü il Türk dövlətlərinin mədəniyyət paytaxtı” elan olunmasını tarixin yeni və möhtəşəm səhifəsi adlandırıblar.

Çıxış edənlər bu hadisənin ümidverici, qürurlu və çox böyük önəm daşıdığını xüsusi vurğulayıblar.

Kategoriler
Azertac

Bursada “Yeddi Gözəl” musiqi qrupunun konserti olub

Bursa, 10 dekabr, AZƏRTAC

Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar Türkiyənin Bursa şəhərində keçirilən Şuşa Günləri çərçivəsində “Yeddi Gözəl” musiqi qrupunun konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, konsert proqramı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Bursa Böyükşəhər bələdiyyəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən yaradılan “Yeddi Gözəl” musiqi qrupu Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, eləcə də Macarıstan olmaqla yeddi ölkəni təmsil edən istedadlı və peşəkar qadın musiqiçilərdən, sənətçilərdən ibarətdir. Qrupun dirijoru və solisti Azərbaycanın Əməkdar artisti, bəstəkar və pianoçu Turan Manafzadədir.

Konsert proqramında türkdilli xalqların musiqiləri ilə yanaşı Turan Manafzadənin ifasında Azərbaycanın milli mahnıları ifa edilib.

Qrup ilk çıxışını bu il noyabrın 11-də Türk Dövlətləri Təşkilatının XI Səmərqənd Zirvə Görüşü çərçivəsində türkdilli ölkələrin birinci xanımları üçün edib.

Proqram tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Konsertdən sonra Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva rəhbərlik etdiyi qurum adından qrup üzvlərinə xüsusi plaketlər təqdim edib.

Kategoriler
Azertac

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası başa çatıb

Bakı, 9 dekabr, AZƏRTAC

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin rektoru general-leytenant Heydər Piriyev və Türkiyə Respublikasının Baş Qərargahının ikinci rəisi ordu generalı Selçuk Bayraktaroğlunun rəhbərliyi ilə Türkiyənin Ankara şəhərində keçirilən 14-cü Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası başa çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil və digər sahələrdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib, əsas fəaliyyət istiqamətləri müzakirə olunub.

Görüşün sonunda iclasın yekun protokolu imzalandıqdan sonra Azərbaycan nümayəndə heyəti Türkiyə Silahlı Qüvvələrinin hərbi təhsil müəssisəsini ziyarət edib.