Kategoriler
Azertac

Prezident İlham Əliyev: Şimal-Cənub dəhlizinin potensialının artırılması biznes üçün əlavə perspektivlər açacaq

Bakı, 18 noyabr, AZƏRTAC

Rusiya və Azərbaycan uzun illər boyu ölkələrimizdə nəqliyyat-logistika infrastrukturuna fəal surətdə sərmayə qoyublar. Nəqliyyat dəhlizlərinin, ilk növbədə, Şimal-Cənub dəhlizinin potensialının artırılması bu layihədə iştirak edən bütün ölkələrin maraqlarına uyğun olacaq, o cümlədən biznes üçün əlavə perspektivlər açacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə geniş tərkibdə görüşündə söyləyib.

Aviareyslərin sayı sürətlə artmasının sevindirici olduğunu bildirən dövlətimizin başçısı deyib: “Həftədə 130-dan çox reys var, yəni, biz praktiki olaraq ən yüksək göstəriciyə nail olmuşuq və Rusiyadan turist axını da artır. Bu il təqribən 80 faiz artım olub. Əlbəttə, pandemiya ilə əlaqədar bu göstərici azalmışdı. Biz hələ pandemiyadan əvvəlki səviyyəyə çatmamışıq, lakin fikrimcə, çatacağıq. Ölkələrimiz arasında sıx dostluq əlaqələrini, bu il Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti barədə Bəyannamə imzalanmasını və il ərzində münasibətlərimizin müttəfiqlik xarakterini dəfələrlə nümayiş etdirməyimizi, iqtisadi-ticari əməkdaşlığın gündəliyini xeyli genişləndirmək niyyətində olmağımızı nəzərə alaraq, düşünürəm ki, reyslərin sayı da artacaq”.

Kategoriler
Azertac

WAM agentliyinin baş direktoru: AZƏRTAC-ın Qlobal Media Konqresində təmsil olunmasından çox məmnunam

Əbu-Dabi, 17 noyabr, AZƏRTAC

Bizimlə birlikdə Qlobal Media Konqresində olduğunuza görə minnətdaram. Konqres iştirakçılara yeni əlaqələrin qurulması və yeni texnologiyalarla tanış olmaq imkanı verir. Hətta tədbir iştirakçıları burada treninqlərə qatılmaq imkanı əldə edirlər.

Bunu AZƏRTAC-a açıqlamasında WAM agentliyinin baş direktoru Məhəmməd Cəlal əl-Raysi söyləyib.

Əbu-Dabidə keçirilən Qlobal Media Konqresində Azərbaycan Dövlət İnformasiya Agentliyinin stendini ziyarət edən baş direktor AZƏRTAC-ın onun fəaliyyəti dövründə ziyarət etdiyi ilk xəbər agentliklərindən biri olduğunu deyib. “Agentliyin burada təmsil olunmasından çox məmnunam və qürur duyuram. Ölkələrimiz arasında çox geniş əlaqələr var. Biz ölkələrimiz arasında xəbər mübadiləsinin aparılması üzrə müxtəlif istiqamətlərdə birlikdə çalışmalıyıq”, – deyə baş direktor qeyd edib.

Kategoriler
Azertac

Prezident: Biz Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi Vardanyan kimilərlə yox

Bakı, 17 noyabr, AZƏRTAC

Məsələ asan deyil. Vacib odur ki, Ermənistan, əslində, istədiyini açıq şəkildə elan edir. Əgər onlar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu, alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə danışıb.

Dövlətimizin başçısı deyib ki, biz Qarabağda yaşayan və orada yaşamaq istəyən insanlarla söhbətə hazırıq.

“Yeri gəlmişkən, bu proses başlayıb. Əgər elə indicə qeyd etdiyim bəzi ölkələrdən, yəni, kənardan müdaxilə olmasa və həmin prosesi dayandırmaq cəhdləri edilməsə, onda hesab edirəm ki, proses daha dinamik gedə bilərdi. Lakin bunun Paşinyana və onun hökumətinə heç aidiyyəti yoxdur. Artıq söylədiyim kimi, Azərbaycan, Avropa İttifaqı, Birləşmiş Ştatlar və Rusiya arasında, yəni, Azərbaycanın bu işdə yardımçı ola bilən hesab etdiyi həmin ölkələr və qurum arasında konsensus olmalıdır”, – deyə Prezident İlham Əliyev əlavə edib.

Kategoriler
Azertac

Özbəkistan Dövlət Akademik Böyük Teatrı Bakıda çıxış edib

Bakı, 17 noyabr, AZƏRTAC

Özbəkistan Dövlət Akademik Böyük Teatrı Bakıya qastrol səfəri çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində çıxış edib.

AZƏRTAC xəbər verir ki, bu sənət ocağının yaradıcı heyəti müəllifi özbək bəstəkarı Ənvər Erqaşev olan “Humo” baleti ilə sənətsevərlərin qarşısına çıxıb.

Xatırladaq ki, “Humo” baletinin premyerası 2005-ci ildə Əlişir Nəvai adına Dövlət Akademik Böyük Teatrının səhnəsində baş tutub. 2007-ci ildə tamaşaya yazdığı musiqiyə görə müəllif 1-ci dərəcəli Dövlət mükafatı laureatı adına layiq görülüb.

Bu gün isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində italyan bəstəkarı Cüzeppe Verdinin “Riqoletto” operası nümayiş etdiriləcək.

Qastrol səfərində Özbəkistanın Böyük Teatrının aparıcı solistləri, Xalq artistləri, vokalçıların və balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatları iştirak edirlər. Qastrol qrupuna simfonik orkestr, solistlər, xor artistləri və balet truppası daxildir.

Kategoriler
Azertac

Doktor Eray Güclüer: Fransa senatının qərarı və Taksimdəki terror aktı eyni mahiyyətli təzyiq vasitələridir

Aksaray, 17 noyabr, AZƏRTAC

Azərbaycan və Türkiyənin birlikdə yürütdükləri Qafqaz siyasətinin yaratdığı yeni geosiyasi vəziyyətdən ciddi narahatlıq keçirən imperialist qüvvələr etirazlarını müxtəlif formalarda həyata keçirlər. Bu anlamda Fransa senatının Azərbaycana qarşı məlum qətnaməsi və İstanbulda törədilən son terror hadisəsi eyni mahiyyətlə ortaya çıxmış aksiyalardır.

Bu fikirləri türkiyəli hərbi ekspert, ehtiyatda olan polkovnik, Altınbaş Universitetinin əməkdaşı, doktor Eray Güclüer AZƏRTAC-a müsahibəsində söyləyib.

Zaman-zaman Qafqaz və Anadolu bölgəsi başda olmaqla müxtəlif qitələrdə istismarçılıq həyata keçirən ölkələrin dünyada yeni bir güc mərkəzinin formalaşmasından böyük təlaş keçirdiklərini diqqətə çatdıran doktor Eray Güclüer deyib: “Müasir dövrdə böyük güclər sanksiyalardan açıq, terror və münaqişələr yaratmaqdan isə gizli bir vasitə kimi istifadə etməklə öz istismarçı mövqelərini qorumağa çalışırlar. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycanın Ordusunun Qarabağda qazandığı tarixi Zəfər, Türk Dövlətləri Təşkilatının təsis edilməsi, Türkiyənin Suriyada sərgilədiyi qətiyyət, bundan başqa Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyəni enerji mərkəzinə çevirmək siyasəti dünya güclərinin imperialist maraqlarını pozmağa başlayıb. Belə olan təqdirdə Azərbaycan və Türkiyəyə qarşı açıq və gizli formalarda təzyiqlərin baş verəcəyi gözlənilən idi. Lakin Azərbaycan və Türkiyə başda olmaqla türk dövlətlərinin sülh və inkişaf siyasətinə qarşı olan tərəflər başa düşməlidirlər ki, artıq dünya dəyişib. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı kimi qurumlar Avropa ölkələrinin müstəmləkə siyasətinə qiymət verməyə başlasalar hazırda dünyada günbəgün dərinləşən böhran bir göz qırpımında çıxılmaz həddə çata bilər”.

Qarabağ Zəfərindən sonra regionda yaranmış yeni vəziyyətin bütün tərəflər üçün məqbul olduğunu diqqətə çatdıran doktor Eray Güclüer əminliklə bildirib ki, əgər kənar təsir amilləri olmasa bölgədə sülh və inkişaf konsepsiyasının əldə olunması olduqca asan və mümkündür. Çünki region ölkələri yaxşı başa düşürlər ki, hazırda Azərbaycan və Türkiyə bütün göstəricilərə görə, otuz il əvvəlkindən fərqli bir gücdə, müstəqil siyasət yürüdürlər. Hər kəs bu vəziyyətlə barışıb sülh yolu tutmağa məcburdur.

Kategoriler
Azertac

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə paylaşım edib

Bakı, 17 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə rəsmi instaqram hesabında foto paylaşıb.

AZƏRTAC fotonu təqdim edir.

Kategoriler
Azertac

İşğaldan azad edilən ərazilərdə 2026-cı ilədək 34 min 500 mənzil və fərdi yaşayış evi inşa olunacaq

Bakı, 16 noyabr, AZƏRTAC

İşğaldan azad edilən ərazilərdə 2026-cı ilədək 34 min 500 mənzil və fərdi yaşayış evi inşa olunacaq.

AZƏRTAC xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən, 2022-2026-cı illərdə Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarında 34500 mənzil və fərdi yaşayış evinin inşa olunması nəzərdə tutulur.

Kategoriler
Azertac

Səfir: Qazaxıstanda keçiriləcək prezident seçkilərinə Azərbaycan da müşahidəçi missiyası göndərəcək

Bakı, 16 noyabr, AZƏRTAC

Noyabrın 20-də Qazaxıstanda keçiriləcək prezident seçkilərində yüksək post uğrunda 6 namizəd mübarizə aparacaq. İlk dəfədir ki, dövlət başçısı seçkilərində iki qadın namizəd iştirak edir.

AZƏRTAC xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov jurnalistlərə açıqlamasında deyib. O əlavə edib ki, seçkiləri izləmək üçün 641 beynəlxalq müşahidəçinin gələcəyi gözlənilir. Səfir Azərbaycandan da 8 müşahidəçinin qeydiyyatdan keçdiyini bildirib.

Noyabrın 19-da bütün ölkədə “sükut günü” elan ediləcəyini xatırladan diplomat Qazaxıstanın Bakıdakı səfirliyinin binasında da səsvermə məntəqəsinin fəaliyyət göstərəcəyini qeyd edib. “Gələn ilin birinci yarısında da parlament seçkiləri keçiriləcək. Qarşıdakı dövr Qazaxıstan üçün çox vacibdir, ona görə də biz həm prezident, həm də parlament seçkilərində yüksək fəallığın olacağına ümid edirik”, – deyə səfir bildirib.

Azərbaycan-Qazaxıstan əlaqələrinin strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsində olduğunu vurğulayan Serjan Abdıkarimov qeyd edib ki, dövlət başçılarının əməkdaşlığın möhkəmləndirilməsi barədə imzaladığı birgə bəyannamə müxtəlif sahələr üzrə münasibətlərin inkişafına yeni stimul verəcək: “Biz ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləmişik. Biznes dairələr qarşılıqlı olaraq sərmayə yatırmaqda maraqlıdırlar. Ölkələrimizdə ticarət evləri fəaliyyət göstərir”. Səfir əlavə edib ki, Azərbaycan və Qazaxıstan Xəzərin dibi ilə fiber-optik kabel xətti layihəsinin reallaşdırılmasına başlayacaq. Bu, hər iki ölkə arasında sürətli internet kommunikasiyasının yaradılmasına səbəb olacaq.

Serjan Abdıkarimov bildirib ki, bu il Azərbaycan və Qazaxıstan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd edilir və bununla əlaqədar sənədli filmin çəkilişlərinə başlanılacaq. Diplomat gələn il Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə keçiriləcək tədbirlərə Qazaxıstandan da nümayəndə heyətlərinin qatılacağını söyləyib. Türküstan və Şuşa şəhərlərinin qardaşlaşmasını o, iki ölkə üçün vacib hadisə olduğunu deyib.

Kategoriler
Azertac

ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib

Noyabrın 16-da ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

ABŞ dövlət katibi bu il noyabrın 7-də Vaşinqtonda Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin sülh müqaviləsi üzrə növbəti danışıqlarının keçirildiyini və ABŞ-ın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə töhfə vermək əzmində olduğunu bir daha vurğulayıb.

Prezident İlham Əliyev dövlət katibi Antoni Blinkenin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini daim diqqətdə saxlamasının və ABŞ-ın bu istiqamətdə göstərdiyi səylərin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Bununla belə, dövlətimizin başçısı qeyd edib ki, bu istiqamətdə göstərilən səylərə və aparılan danışıqlara baxmayaraq, Ermənistan rəhbərliyi tərəfindən son günlərdə səsləndirilən ziddiyyətli bəyanatlar iki ölkə arasında münasibətlərin normallaşmasına və sülh gündəliyinin irəli aparılmasına mənfi təsir göstərir.

Antoni Blinken Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün tarixi imkanın olduğunu qeyd edərək ABŞ-ın bu istiqamətdə səylərini davam etdirəcəyini bildirib.

Telefon danışığı əsnasında Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə növbəti görüşün keçirilməsi və etimad quruculuğu tədbirlərinə dair fikir mübadiləsi aparılıb.

Kategoriler
Azertac

Azərbaycan Fransaya nota verib

Bakı, 16 noyabr, AZƏRTAC

Noyabrın 16-da Fransanın Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Jülyen Lö Lan Xarici İşlər Nazirliyinə (XİN) çağırılaraq, noyabrın 15-də Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnamə ilə bağlı XİN-in etiraz notası təqdim edilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı Fransa Senatında qəbul edilmiş tamamilə həqiqətdən uzaq, yalan və iftira dolu müddəaların əks olunduğu qətnamənin Azərbaycan tərəfindən qətiyyətlə rədd edildiyi diqqətə çatdırılıb.

Qətnamənin açıq təxribat xarakteri daşıdığı və sülh prosesinə öz töhfəsini vermək iddiasında olan Fransanın növbəti dəfə ermənipərəst, qərəzli və birtərəfli mövqeyini bariz şəkildə nümayiş etdirdiyi bildirilib.

Fransanın bu addımının regionda sülhün bərqərar olmasına, xüsusilə də, ölkəmizin israrlı olduğu Azərbaycanla Ermənistan arasında münasibətlərin bir-birinin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət edilməsi əsasında normallaşmasına ciddi zərbə vurmaq məqsədi daşıdığı, bölgədə sülhə qarşı olan revanşist qüvvələri həvəsləndirdiyi vurğulanıb.

Sözügedən qətnamənin, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqla yanaşı, Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında “Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Müqavilə”nin (1993) xüsusilə 2-ci maddəsinin 3-cü bəndi çərçivəsində öhdəliklərə tamamilə zidd olduğu qeyd edilib.

Azərbaycan tərəfi görüşdə Fransa tərəfindən bir daha Azərbaycanın beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn, onun daxili işlərinə müdaxilə olan addım və bəyanatlardan çəkinilməsini təkidlə tələb edib.

Fransanın müvəqqəti işlər vəkili Azərbaycan tərəfinin müraciətini aidiyyəti üzrə çatdıracağını bildirib.