Kategoriler
Azertac

Türkiyədə Ergene çayı daşaraq böyük fəsadlara səbəb olub

İstanbul, 7 fevral, AZƏRTAC

Türkiyənin Ədirnə vilayətində son bir həftə ərzində axın səviyyəsi on dəfədən çox artan Ergene çayı yatağından çıxaraq ətrafa yayılıb, bəzi kənd yollarında hərəkət dayandırılıb.

AZƏRTAC xəbər verir ki, çayın axını Ulduz dağlarında qar əriməsi və son zamanlar Türkiyə ərazisində müşahidə edilən yağıntılar səbəbindən artıb. Bu səbəbdən minlərlə hektar kənd təsərrüfatı sahəsi də su altında qalıb.

Hidrometeoroloqlar bu gündən etibarən vilayətdə yağıntının leysan xarakterli olacağı, sabah isə qar yağacağını proqnozlaşdırır.

Kategoriler
Azertac

“Türkiyə bursları” proqramına sənəd qəbulu aparılır

Bakı, 7 fevral, AZƏRTAC

Türkiyə Respublikası tərəfindən 2022-2023-cü tədris ili üzrə elan olunmuş “Türkiyə bursları” təqaüd proqramına sənəd qəbulu davam edir.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, təqaüd proqramı bakalavriat, magistratura və doktorantura səviyyələrini əhatə edir. Proqrama sənəd qəbulu fevralın 20-dək aparılacaq.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIa Təhsil Nazirliyinin saytında tanış olmaq mümkündür.

Kategoriler
Azertac

Selçuk Bayraktar: Sentyabrda Qaradənizdə keçiriləcək “TEKNOFEST”ə azərbaycanlı qardaşlarımızı dəvət edirik

Bakı, 7 fevral, AZƏRTAC

Sentyabrda Samsun mərkəzli Qaradənizdə təşkil olunacaq “TEKNOFEST” Festivalına azərbaycanlı qardaşlarımızı dəvət edirik.

AZƏRTAC xəbər verir ki, bu barədə fevralın 7-də “TEKNOFEST” Müşahidə Şurasının sədri və Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) rəhbəri Selçuk Bayraktar “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, müstəqilliyin daimi olması üçün milli müdafiə sənayesinə sahib olmaq vacibdir. Bunun ən bariz nümunəsini “Bayraktar”ların Türkiyənin terrorla mübarizəsində və Qarabağ müharibəsində fəaliyyəti zamanı gördük: “Buradan azərbaycanlı gənclərə səslənirəm, komandalarınızı qurun və festivala qatılın. Gələcəyin güclü Azərbaycanının formalaşmasında sizin də rolunuz olsun”, – deyə Selçuk Bayraktar vurğulayıb.

Kategoriler
Azertac

Siyasi şərhçi: Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasındakı əməkdaşlığı ən yüksək zirvəyə qaldırıb

Bakı, 7 fevral, AZƏRTAC

Azərbaycan ilə Türkiyə arasında 2021-ci ilin iyunun 15-də imzalanan müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi 2022-ci ilin fevralın 1-də Azərbaycanda, 3-də isə qardaş ölkədə tarixi sənəd kimi rəsmi surətdə ratifikasiya edildi. Şuşa Bəyannaməsinin preambulasına baxdıqda Azərbaycan ilə Türkiyə arasında imzalanan tarixi sənədlər xatırlanır. Belə ki, Şuşa Bəyannaməsi Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq Müqaviləsinə, Azərbaycan-Türkiyə Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım müqaviləsinə istinad edir. Bundan əlavə, Şuşa Bəyannaməsində ümummilli lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün iki qardaş ölkə barədə kəlamları da bu gün artıq təsdiqləndi. Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasındakı əməkdaşlığı ən yüksək mərhələyə qaldıraraq Qafqazda uzunmüddətli sülhün bərqərar olmasına yardım edəcək.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Murad Sadəddinov bildirib.

Ekspert bildirib ki, Şuşa Bəyannaməsi iki ölkənin bugünkü və gələcək vəziyyətinə ciddi töhfələr verə bilər. Dünyada gedən proseslər Azərbaycan və Türkiyənin daha yaxın, rəsmi surətdə müttəfiq olmasını zəruri etdi. Çünki böyük təşkilatlar, qurumlar ölkələrin suverenliyinin qorunmasında, insanların hüquqlarının təmin olunmasında səmərəli addım atmırlar. Çox vaxt da ikili standartlara əsaslanan siyasət yürüdərək öz mənfəətlərinə uyğun hərəkət edirlər. Bu da həmin təşkilatların öz prinsiplərini pozması anlamına gəlir. Buna görə də Azərbaycan və Türkiyə təhlükəsizliyini, suverenliyini təmin etmək üçün öz aralarında yeni formatlar yaratmağa başlayıblar. Məsələn, türkdilli ölkələr Türk Dövlətləri Təşkilatı ətrafında birləşərək bu ittifaqı daha səmərəli etməyə çalışırlar.

“Azərbaycan və Türkiyədən hər hansı birinə təhdid, suverenliyinə təhlükə, sərhədlərinin pozulması halları baş verərsə, BMT-nin Nizamnaməsinə əsasən onlar bir-birinə yardım göstərə bilərlər. Bu yardımın miqdarı, hansı formada həyata keçirilməsi Azərbaycan ilə Türkiyə arasında danışıqlar nəticəsində müəyyən olunur. Bu da onu göstərir ki, iki dövlət arasında münasibətlər ən yüksək zirvədədir. Şuşa Bəyannaməsi nəinki hərbi inkişafla bağlı, eləcə də digər istiqamətlərdə əməkdaşlığı nəzərdə tutur. Həmçinin regionda mövcud olan müxtəlif çağırışlara qarşı birgə addımların atılması da bu Bəyannamədə əks etdirilən mühüm istiqamətlərdən biridir. Eyni zamanda, regional iqtisadi inkişaf perspektivləri də Şuşa Bəyannaməsində əksini tapıb.

Zəngəzur dəhlizi istər Türkiyə, istərsə də regionun digər ölkələri üçün vacib əhəmiyyət daşıyır. Həmçinin logistika sahəsində əlaqələrin inkişaf etdirilməsi, təhlükəsizliyin təmin olunması Şuşa Bəyannaməsində öz əksini tapır.

Kategoriler
Azertac

Türkiyənin “A Haber” telekanalı Qarabağın işğaldan qurtuluşu mövzusunda xüsusi reportaj yayıb

Ankara, 7 fevral, AZƏRTAC

Milli kimliyimizin təsdiqi, qürurumuzun yüksəlişi olan Qarabağ Zəfəri qardaş Türkiyənin aparıcı kütləvi informasiya vasitələrinin ən aktual mövzusu olaraq qalmaqdadır.

AZƏRTAC xəbər verir ki, fevralın 6-da “A Haber” telekanalında yayımlanan “Qarabağ 32 ildən sonra əsarətdən xilas edildi” sərlövhəli xüsusi reportaj da bu mövzuya həsr olunub.

Döyüş səhnələri də daxil olmaqla real kadrlar əsasında hazırlanmış reportajda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı şərəfli Qələbənin təfərrüatlarından bəhs olunub. Reportajda 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin çıxışlarından sitatlar verilib. “Qarabağ Azərbaycandır!” şüarı əsasında bir daha türkdilli ictimaiyyətin diqqətinə çatdırılıb ki, Azərbaycanı qətiyyətli qələbəyə aparan yol möhkəm siyasi iradə, qətiyyətli mübarizə yolu, xalqın birliyi və Türkiyənin siyasi-mənəvi dəstəyidir.

Böyük qələbədən sonra Bakıda keçirilən hərbi parad və bu yüksək tribunada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışından məqamlar da reportajda əskini tapıb.

Kategoriler
Azertac

Kembric Universitetində Azərbaycanın regionda aparıcı rolu müzakirə olunub

London , 6 fevral , AZƏRTAC

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov Böyük Britaniyanın tanınmış təhsil ocaqlarından birində – Kembric Universitetində (Cambridge University) olub.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində universitetin rəhbər şəxsləri, professorlar və tələbələr ilə bir sıra görüşlər keçirilib, Azərbaycan ilə təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib. Həmçinin səfirlik nümayəndələri məşhur Kavendiş (Cavendish) fizika laboratoriyası ilə tanış olub və Kembric şəhərində yaşayan Azərbaycan icmasının üzvləri ilə görüşüblər.

Daha sonra universitetin nəzdində fəaliyyət göstərən Kembric Mərkəzi Asiya Forumu (Cambrigde Central Asia Forum) tərəfindən “Xəzər hövzəsinin Regional Dinamikası” (Caspian Regional Dynamics) mövzusuna dair seminar keçirilib.

Kembric Mərkəzi Asiya Forumunun direktoru Professor Montu Saksenanın moderatorluq etdiyi seminarda çıxış edən diplomat Elin Süleymanov Azərbaycanın geosiyasi əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycan müstəqilliyinin ilk günlərindən regionda sülh, inkişaf və inteqrasiya üçün səy göstərməkdədir. Bu da ümummilli lider Heydər Əliyev strategiyasının əsas istiqaməti olub.

Səfir Azərbaycanın dünyada tolerantlıq nümunəsi kimi tanındığını və daim dialoqu dəstəklədiyini diqqətə çatdıraraq vurğulayıb ki, 30 illik işğala son qoyulması ilə nəticələnən müharibədən sonra Prezident İlham Əliyev sülhə çağırış edib, Ermənistana əməkdaşlıq və kommunikasiya xətlərinin açılmasını təklif edib.

Diplomat Azərbaycanın müstəqillik əldə etdikdən sonra enerji siyasətində davamlı addımlar atmağa başladığını, “Əsrin müqaviləsi”nin imzalandığını, “Bakı-Supsa”, “Bakı-Tbilisi-Ceyhan” neft kəmərləri ilə dünya bazarlarına çıxış əldə edildiyini, Xəzər dənizinin Qara dəniz və Aralıq dənizi ilə qovuşduğunu, eyni zamanda, Gürcüstan və Türkiyənin regionda fəal faktorlara çevrildiyini bildirib.

“Azərbaycan qonşu dövlətlərlə ikitərəfli və çoxtərəfli əlaqələri inkişaf etdirməyə daim hazırdır. Belə ki, 3+3 formatında buna doğru növbəti addımlar atılır. Bu yaxınlarda İranın yol və şəhərsalma naziri Rüstəm Qaseminin səfərə məhz Füzuli rayonundan başlaması, eləcə də kommunikasiya və nəqliyyat layihələrinə dair bəyanatı bunun bir nümunəsidir. Həmçinin Azərbaycanla İranı birləşdirəcək Astaraçay körpüsünün tikilməsi də İranın regionda gedən inteqrasiya prosesində fəal şəkildə iştirak etdiyini göstərir. Əgər burada bütün regionu əhatə edən kommunikasiyaların açılmasından söhbət gedirsə, bu bütün bölgə ölkələrinin xeyrinə olacaq. Hazırda Cənubi Qafqazda kommunikasiya və nəqliyyat dəhlizlərinin açılması məsələsi müzakirə olunur. Düşünürəm ki, bu, hər kəsin xeyrinədir. Münaqişə artıq başa çatıb. İndi isə sülh müqaviləsinin imzalanmasına və ilkin mərhələdə sərhədlərin delimitasiyasına ehtiyac var”, – deyə səfir vurğulayıb.

Azərbaycanın hətta müstəqillik elan etməsindən əvvəl qonşu Ermənistanın Azərbaycana qarşı təcavüz və işğal prosesini başlamasını xatırladan səfir qeyd edib ki, beynəlxalq qanunlar, BMT-nin Ermənistanın torpaqlarımızı dərhal və qeyd-şərtsiz azad etməsinə dair məlum 4 qətnaməsi, İslam Əməkdaşlıq Təşkilatının müvafiq qətnamələri və sair Ermənistan əleyhinə olsa da 30 il davam edən bütün danışıqlar nəticəsiz qalıb.

“2020-ci ildə proses kökündən dəyişdi. Ermənistan tərəfi heç bir səbəb olmadan iyul ayında hücuma başladı. Hücumun hədəfi olan Tovuz rayonu Qarabağdan uzaqda yerləşir və bir sıra ixrac boru kəmərləri oradan keçir. Bu hücum nəticəsində hərbçilərimiz və bir dinc sakin həlak oldu. Onların içərisində qəhrəman generalımız Polad Həşimov da var idi”, – deyən E.Süleymanov Vətən müharibəsinin başlanması və gedişi barədə də ümumi məlumat verib.

Diplomat regionun lider neft-qaz ixracatçısı olan Azərbaycanın, həmçinin yaşıl iqtisadiyyat konsepsiyasını da tam dəstəklədiyini söyləyib. Birləşmiş Krallığın “BP” şirkətinin işğaldan azad olunmuş ərazilərdə yaşıl iqtisadiyyatın şaxələndirilməsində ən fəal tərəfdaşlarımızdan biri olduğunu iştirakçıların diqqətinə çatdırıb.

Qeyd olunub ki, bu gün Azərbaycanın təşəbbüsü ilə Cənub-Şərqi Avropada yeni reallıqlar yaranıb. Bu təşəbbüslər ideologiya və siyasətə yox, daha çox praktiki və məhsuldar yanaşmalara əsaslanır. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında Avropa İttifaqı komissarlarının və 20-yə yaxın dövlətin nümayəndələrinin iştirakı da buna sübutdur.

Seminarın gedişində bəzi erməni iştirakçıların suallarını cavablandıran E.Süleymanov radikal irqçi yanaşmaların son 30 ildə məhz Ermənistanın özünə zərər verdiyini bildirib, xaricdə yaşayan ermənilərin uydurma yalanlardan geri çəkilməsini, ekstremist yanaşmaların əvəzinə iflasa uğramış Ermənistanda yaşayan erməni vətəndaşlarının gələcəyini düşünməyi tövsiyə edib.

Fevralın 26-da Xocalı soyqırımının 30 illiyinin qeyd olunacağını bildirən səfir deyib: “Bu kimi faciələr bir daha göstərir ki, region üçün sülh nə qədər önəmlidir və Azərbaycan tərəfi sülhə aparan addımları daim dəstəkləyir. Amma bütün bunlarla yanaşı, biz ermənilərin Xocalıda törətdiyi misli görünməmiş vəhşilikləri unutmamalıyıq ki, gələcəkdə belə faciələr təkrar olunmasın”.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London 

Kategoriler
Azertac

Daha bir cüdoçumuz “Böyük dəbilqə” turnirinin yarımfinalına vəsiqə qazanıb

Bakı, 6 fevral, AZƏRTAC

Parisdə keçirilən “Böyük dəbilqə” turniri davam edir.

AZƏRTAC xəbər verir ki, komandamızın daha bir üzvü – Məmmədəli Mehdiyev (90 kq) turnirin yarımfinalına vəsiqə qazanıb. Cüdoçumuz yarmfinala gedən yolda Rafael Macedo (Braziliya) və Türkiyə təmsilçisi Mihael Zganka qalib gəlib.

Qeyd edək ki, millimizin digər üzvü Uşangi Kokauri (+100 kq) də yarımfinalda mübarizə aparacaq. Onun bu mərhələdə rəqibi Cənubi Koreya təmsilçisi Minjonq Kim olacaq.

Azərbaycan bu gün başa çatacaq yarışda 6 cüdoçu ilə təmsil olunur. Komandamızın aktivində hələlik medal yoxdur.

Turnirdə 52 ölkədən 285 idmançı iştirak edir.

Kategoriler
Azertac

Gənclər və idman naziri ilə muxtar respublika gənclərinin görüşü olub

Naxçıvan, 6 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbovun Naxçıvan Muxtar Respublikasında fəal gənclər, könüllülər və idmançılarla görüşü keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, “Naxçıvan” Universitetinin iclas zalında keçirilən görüşdə çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı nazir Fərid Qayıbov başda olmaqla nazirliyin əməkdaşları və digər qonaqları burada görməkdən məmnunluğunu bildirib. Vurğulayıb ki, bu görüş mahiyyət etibarilə gənc nəslin yeni fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, müasir dünya gəncliyinə inteqrasiyası, gənclərlə iş sahəsində birgə əməkdaşlıq baxımından önəmlidir.

Görüş zamanı çıxış edən gənclər Fərid Qayıbova təmsil etdikləri təşkilatların fəaliyyəti, həyata keçirilən layihələr, gələcək planları barədə məlumatlar veriblər.

Tədbirdə muxtar respublikada fəaliyyət göstərən gənclər təşkilatlarının fəaliyyətinin tənzimlənməsi üçün qanunvericlik məsələləri, beynəlxalq əməkdaşlıq, gənclərin inkişafında təşkilatların rolu, gənclərin rəqəmsal bacarıqlarının inkişafı, könüllülük fəaliyyəti kimi məsələlər ətrafında müzakirələr aparılıb. Gənclər maraqlı və səmimi görüş üçün ölkənin gənclər və idman nazirinə minnətdarlıqlarını bildiriblər.

Nazir Fərid Qayıbov belə görüşlərin davamlı olacağını və nazirliklə gənclər təşkilatlarının əməkdaşlığının daha da genişlənəcəyini bildirib.

Görüşdə Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavinləri və Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru, Milli Məclisin üzvü Cəbi Quliyev də iştirak edib.

Sonda xatirə şəkli çəkdirilib.

Kategoriler
Azertac

Tərtər istiqamətində mövqelərimiz atəşə tutulub

Bakı, 6 fevral, AZƏRTAC

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Tərtər rayonunun Qapanlı kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri fevralın 6-sı saat 00:23-dən 02:12-dək heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal cavab tədbirləri görülüb.

Hadisə nəticəsində mülki əhali və bölmələrimizin şəxsi heyəti arasında xəsarət alan yoxdur.

Mövqelərimiz atəşə tutulan zaman Qapanlı yaşayış məntəqəsi ərazisindəki mülki tikiliyə güllə dəyib.

Təxribat törədən qanunsuz erməni silahlı dəstəsinin üzvlərinin spirtli içkinin təsiri altında atəş açmaları tərəfimizdən müşahidə edilib.

Hadisə ilə bağlı dərhal Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.

Kategoriler
Azertac

Prezident İlham Əliyev: Azərbaycan-Ukrayna münasibətlərinin hazırkı səviyyəsi və gündən-günə genişlənməsi xüsusi məmnunluq doğurur

Bakı, 6 fevral, AZƏRTAC

Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Ukrayna arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Ukrayna Prezidenti Volodimir Zelenskiyə təbrik məktubu ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı məktubunda diplomatik əlaqələrimizin otuz illik tarixə malik olsa da, xalqlarımızın əsrlərdən bəri davam edən dostluq və əməkdaşlıq ənənələrinin mövcud olduğunu bildirib. Qeyd edib ki, məhz bu möhkəm təməllər üzərində qurulmuş münasibətlərimizin hazırkı səviyyəsi və gündən-günə genişlənməsi xüsusi məmnunluq doğurur.

“Sevindirici haldır ki, bu illər ərzində qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş, siyasi, iqtisadi, enerji və humanitar sahələrdə əməkdaşlığımızın əhatə dairəsi genişlənmişdir. Bu gün apardığımız yüksək səviyyəli siyasi dialoq, çoxsaylı qarşılıqlı səfərlər, imzalanmış sənədlər, həyata keçirilən birgə layihələr, o cümlədən Hökumətlərarası Komissiyanın uğurlu fəaliyyəti əməkdaşlığımızın yeni istiqamətlərinin müəyyən edilməsində mühüm rol oynayır”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

Dövlətimizin başçısı birgə səylərlə Azərbaycan-Ukrayna əlaqələrinin bundan sonra da möhkəmlənməsinə və genişlənməsinə nail olunacağına əminliyini ifadə edib.