Kategoriler
Azertac

Bərdədə düşmənin raket atəşi nəticəsində dağılmış evlər yenidən tikilir

Bərdə, 2 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

Ermənistan ordusunun artilleriya atəşi nəticəsində Bərdədə mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 44 günlük Vətən müharibəsində Ermənistan silahlı bölmələrinin atəşi nəticəsində Bərdə şəhərində və rayonun 6 kəndində vətəndaşlara məxsus yaşayış evlərinə, həmçinin sahibkarlıq obyektlərinə və sosial binalara ciddi ziyan dəyib. Müxtəlif dövlət qurumlarının əməkdaşları və mütəxəssislərdən ibarət işçi qrup tərəfindən evlərə, təsərrüfatlara baxış keçirilib, dəymiş ziyan qeydiyyata alınıb, aktlar tərtib edilib. Bir neçə gündür Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən evlərin tikintisi və bərpası işlərinə başlanılıb. Hazırda yeni inşa ediləcək fərdi evlərin bünövrəsi qazılır və beton işləri görülür.

Rayon sakinləri düşmən təxribatları zamanı dəymiş ziyanın aradan qaldırılması istiqamətində görülən işləri rəğbətlə qarşılayır, dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər. Erməni hərbçilərinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində evi dağılmış rayon sakini Azər Həsənov deyib: “Ordumuzun həmlələri qarşısında tab gətirməyən düşmən cəbhədən uzaqda yerləşən şəhər və kəndlərimizi atəşə tuturdu. Bununla da bizi qorxutmaq istəyirdi. Lakin onlar istəyinə nail ola bilmədilər. Müzəffər ordumuz qələbə qazanaraq işğal altında olan torpaqlarımızı azad etdi. Cəbhədə döyüşlər gedən zaman düşmənin Bərdə şəhərini raket atəşinə tutması nəticəsində bizim də evimiz dağılmışdı. İndi evimizin yerində yeni, daha müasir ev inşa edilir”.

Digər sakin Xalid Əliyev isə deyib: “Oktyabrın 8-də Ermənistanın atdığı raket evimin yaxınlığına düşərək evimi dağıtmışdı. Hazırda həyətimizdə beşotaqlı yeni ev inşa edilir. Yeni layihədə otaqların sayı əvvəlki evimizdən çoxdur”.

Qeyd edək ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin xain hücumları nəticəsində ölkəmizin bir sıra şəhər və rayonları artilleriya və ballistik raket atəşinə tutularaq, insanlıq əleyhinə cinayətlər törədilib, dinc sakinlər vəhşicəsinə qətlə yetirilib, mülki obyektlərə, fərdi yaşayış evlərinə və infrastruktura irimiqyaslı zərər vurulub. Dəymiş bu ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə Prezident İlham Əliyevin 2020-ci il 6 noyabr tarixli Sərəncamı ilə Dövlət Komissiyası yaradılıb. Dövlət Komissiyasının nəzdində yaradılmış müxtəlif dövlət qurumlarının əməkdaşları və mütəxəssislərdən ibarət işçi qruplar tərəfindən qısa müddətdə, ümumilikdə, 11 şəhər və rayon ərazisində 10 mindən çox obyektə baxış keçirilib, qiymətləndirmə və təmir-tikintinin ilkin planlaşdırılması işləri aparılıb.

Zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin aparılması üçün yaşayış evlərinin və obyektlərin tikintisi üzrə sifarişçi funksiyaları, habelə inşa prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Azərbaycan Respublikası Baş nazirinin 2021-ci il 14 yanvar tarixli Sərəncamı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 11 rayon və şəhərdə bərpa və təmir-tikinti işlərinə başlayıb.

Kategoriler
Azertac

Azərbaycan Prezidenti: Biz bütün işləri ardıcıllıqla edirik, eyni zamanda, hər şey planlı şəkildə olmalıdır

Bakı, 1 fevral, AZƏRTAC

Biz bütün işləri ardıcıllıqla edirik. İlk növbədə, keçmiş köçkünlər, nə vaxt qayıda bilərlər o torpaqlara. Birinci, minalardan təmizləmə. Bu, böyük bir prosesdir. Ermənilər bizə mina sahələrinin xəritələrini vermirlər. Ona görə indi partlayışlar da tez-tez olur. Biz indi Minatəmizləmə Agentliyini yenidən formalaşdırırıq və onun fəaliyyəti daha səmərəli olacaq. Ancaq bu, müəyyən vaxt aparacaq. Mina təmizləməklə əlaqədar işlər əlbəttə ki, başa çatmalıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, ondan sonra ziyan qiymətləndirilməlidir. “Əgər biz ziyanın qiymətləndirməsini etməsək, sabah təzminat davasında da uğur qazana bilmərik. Ona görə də, ilk növbədə, yerli qurumlar dağıdılmış bütün evlərin pasportlaşdırılmasını aparmalıdır. Video, foto çəkilişlər, dron çəkilişləri, protokollaşma aparmalıdır. Hər bir binanın, hər kənddə yerləşən binanın, hər şəhərdə yerləşən binanın öz pasportu olmalıdır. Bu məlumatı biz verəcəyik cəlb edilmiş beynəlxalq şirkətlərə, onlar özləri tədqiqat aparacaqlar, özləri monitorinq missiyaları həyata keçirəcəklər və onlar bizə Ermənistana qarşı açılacaq təzminat davasında kömək göstərəcəklər. Yəni, bu ardıcıllıq budur”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

Bu işlərdən sonra infrastruktur layihələrinin icra edilməli olduğunu qeyd edən Prezident deyib: “Axı infrastruktur olmasa, orada insan necə yaşayacaq? Su yox, işıq yox, yol yoxdursa necə yaşaya bilər? Ondan sonra evlər tikilməlidir. Mən göstəriş vermişəm, artıq bizim qurumlar işləyirlər, bütün şəhərlərin baş planları hazırlanır, özü də elə-belə yox – “ağıllı şəhər” konsepsiyası, “ağıllı kənd” konsepsiyası. Bu, zaman tələb edir. Eyni zamanda, hər şey planlı şəkildə olmalıdır. Yoxsa biri oradan durub deyəcək ki, mən burada bunu tikəcəyəm, biri oradan duracaq ki, mən bunu. Kimsən sən? Sən get öz işinlə məşğul ol. Yenə də deyirəm, ucuz populyarlıq dalınca qaçanların axırı pis olur, bu, birincisi. İkincisi, qayda-qanun var ölkədə. Heç kim özbaşınalıq edə bilməz. Əgər kimsə unudur, biz onun yadına salarıq. Təkcə bu işlərlə, əlbəttə ki, məsələ bitməyəcək. Sosial obyektlər də tikilməlidir. Evlərin tikintisi ilə paralel olaraq sosial obyektlər – xəstəxanalar, məktəblər, mədəniyyət ocaqları, idman qurğuları. Yoxsa əgər biz indi gedib haradasa, necə deyərlər, məktəb tiksək, ya xəstəxana tiksək, amma kim oraya gedəcək. Orada adam yoxdur”.

Kategoriler
Azertac

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtın Yasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında iştirak ediblər

Bakı, 1 fevral, AZƏRTAC

Fevralın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtın Yasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında da iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım parkda yaradılan şəraitlə tanış oldular.

Qeyd edək ki, dövlətimizin başçısının tapşırığına əsasən salınan bu parkın ümumi ərazisi 4 hektardır. Vaxtilə bu ərazi bəzi adamlar tərəfindən zəbt olunmuşdu və onlar bunu hissə-hissə satmaq niyyətində idilər. Məhz Prezident İlham Əliyevin müdaxiləsindən sonra bu proses dayandırıldı və bu torpaqlar dövlət fonduna qaytarıldı.

Yeni salınan parkda yaşıllıq zonası ərazinin 70 faizindən çoxunu əhatə edir.

Kategoriler
Azertac

Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə start verib

Bakı, 1 fevral, AZƏRTAC

Azərbaycan Cənubi Qafqazda ilk olaraq artıq vaksinasiya işlərinə start verdi. Eyni zamanda, yerləşdiyimiz bölgədə Azərbaycan birincilər sırasındadır. Onun nəticəsidir ki, pandemiyanın ilk günlərindən işlər düzgün qurulmuşdur, bütün lazımi addımlar atılmışdır, beynəlxalq təşkilatlarla təmaslar qurulmuşdur.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

Dövlətimizin başçısı deyib: “Biz COVAKS təşəbbüsünün üzvüyük və COVAKS xətti ilə müxtəlif vaksinləri ölkəmizə gətirəcəyik. Eyni zamanda, biz bir neçə şirkətlə vaksinlərin ölkəmizə gətirilməsi ilə bağlı müqavilələr bağlamışıq. Amma onların bəzilərinin icrası indi yubanır, yəqin ki, bax, dediyim bu səbəblərə görə. Eyni zamanda, biz artıq 4 milyon doz vaksin sifariş etmişik və onların artıq Azərbaycana gəlməsi təmin edilib, Çin istehsalı olan vaksinlər. Yanvarın 18-dən başlayaraq Azərbaycanda vaksinasiya başlamışdır. Müqayisə üçün deyə bilərəm ki, Avropa İttifaqında bu, keçən il dekabrın 18-də başlamışdır. Yəni, bir aydan sonra artıq Azərbaycan vətəndaşları bu vaksinləri alırlar, peyvənd olunurlar, əlbəttə ki, bu, vaksinasiya sahəsində də bizim səmərəli işimizin təzahürüdür”.

Prezident qeyd edib ki, indiki şəraitdə, xüsusilə zəngin ölkələr arasında olan ixtilaflar istehsalçılara da mənfi təsir göstərir, bir çox ölkələrin vətəndaşlarını bu vaksinlərdən məhrum edir. Ondan başqa, bu, dünyada ölkələr arasındakı inamsızlığı da alovlandırır. “Açıq mətbuata istinad edərək deyə bilərəm ki, inkişaf etmiş ölkələr dünya əhalisinin 14 faizini təşkil edir. Halbuki inkişaf etmiş ölkələr bu günə qədər dünya vaksinlərinin 53 faizini sifariş ediblər. Yəni, bu, yenə də ədalətsizlik, qeyri-bərabərlikdir. “Moderna” vaksini var, səhv etmirəmsə Amerika istehsalıdır. “Moderna” vaksininin 98 faizini zəngin ölkələr sifariş ediblər. “Pfizer” Avropa vaksinidir. “Pfizer” vaksininin 96 faizini zəngin ölkələr sifariş ediblər. Yaxşı, bəs kasıb ölkələrin vətəndaşları nə etməlidirlər, xəstələnməlidirlər?”, – deyə Azərbaycan Prezidenti qeyd edib.

Kategoriler
Azertac

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xırdalan şəhərində 3 saylı məktəb-liseydə yaradılan şəraitlə tanış olublar

Abşeron, 1 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 1-də Abşeron rayonunun Xırdalan şəhərində 3 saylı məktəb-liseydə yaradılan şəraitlə tanış olublar.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısının 2019-cu ilin yanvarında imzaladığı Sərəncamla bu təhsil müəssisəsinin 1176 şagird yerlik korpusu əsaslı təmir olunub və 1200 şagird yerlik yeni əlavə korpus inşa edilib. Yeni tikilən korpusda müasir sinif otaqları, informatika, hərbi hazırlıq, əmək təlimi, məktəbəqədər hazırlıq kabinetləri yaradılıb və zəruri dərs vəsaiti ilə təchiz olunub. Burada, həmçinin STEAM – elm, texnologiya, mühəndislik, incəsənət, riyaziyyat otağı, laboratoriyalar, akt zalı və açıq idman meydançası yaradılıb.

Kategoriler
Azertac

Müdafiə Nazirliyi fevralın 1-dək Azərbaycan Ordusuna Yardım Fonduna daxil olan vəsaitin məbləğini açıqlayıb

Bakı, 1 fevral, AZƏRTAC

Müdafiə Nazirliyi cari il fevralın 1-dək Azərbaycan Ordusuna Yardım Fonduna daxil olan vəsaitin məbləğini açıqlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, indiyədək Fonda 212 milyon 156 min 968,42 manat, 11 milyon 176 min 390,65 ABŞ dolları, 183 min 484,92 avro, 593 min 924,33 türk lirəsi, 1844,72 ingilis funt sterlinqi və 5 milyon 398 min 550 rubl məbləğində vəsait daxil olub.

Xatırladaq ki, Prezident İlham Əliyev 2020-ci il dekabrın 8-də Azərbaycan Ordusuna Yardım Fondunun yaradılması ilə bağlı Fərman imzalayıb.

Kategoriler
Azertac

D.Medvedev: Qarabağda nizamlanmanı Türkiyə ilə də müzakirə etmək lazımdır

Moskva, 1 fevral, AZƏRTAC

Rusiya Prezidenti Vladimir Putin Qarabağda vəziyyətin nizama salınması üzərində bütün incəlikləri nəzərə alaraq işləyib. Əgər onun səyləri olmasa idi, münaqişə hələ də davam edəcəkdi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev jurnalistlərə müsahibəsində söyləyib. O qeyd edib ki, münaqişənin qaynar mərhələsi başa çatandan sonra vəziyyət bütövlükdə sakitləşdi: “İnsanlar həlak olmurlar, inkişaf üçün imkanlar var. Yanvarın 11-də üç ölkənin prezidentləri Moskvada görüşdülər və vəziyyətin iqtisadi cəhətdən sağlamlaşdırılması yollarını müəyyən etdilər. Bu da çox vacibdir”. D.Medvedevin fikrincə, hazırda müəyyən parametrləri, o cümlədən Rusiya Federasiyasının sülhməramlı kontingentini saxlamaqla iqtisadi əməkdaşlığı inkişaf etdirmək imkanı var.

D.Medvedev Qarabağda vəziyyətin nizama salınması məsələsinin Türkiyə ilə müzakirə olunmasının vacibliyini də diqqətə çatdıraraq vurğulayıb ki, regionda reallıq belədir.

“Türkiyə bizim qonşumuz və çox vacib tərəfdaşımızdır. Türkiyə həm də Azərbaycana çox yaxın ölkədir. Bu amili nəzərə almamaq olmaz. Moskva və Ankara arasında səmərəli dialoq qurulub, iki ölkənin prezidentləri bu mövzu ilə əlaqədar daim ünsiyyətdədirlər, ümumi vəziyyətə nəzarət etmək üçün Türkiyə və Rusiya hərbçilərindən ibarət xüsusi nəzarət mərkəzi yaradılması barədə qərar qəbul edilib. Bu da ümumi sabitləşmə elementidir. Lakin mən bunu uzunmüddətli siyasətin elementi kimi qiymətləndirməz, yaxud konspiroloji nəzəriyyələrdən birini qurmazdım. Sadəcə biz regionda mövcud reallıqları nəzərə almağa borcluyuq. Reallıq isə belədir ki, bu gün bu məsələni həm də Türkiyədən olan tərəfdaşlarımızla müzakirə etməliyik”, – deyə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini bildirib.

Kategoriler
Azertac

TƏBİB: Koronavirusun yeni ştammı Azərbaycanda qeydə alınmayıb

Bakı, 1 fevral, AZƏRTAC

“WhatsApp” vasitəsilə Azərbaycanda uşaqların kütləvi şəkildə koronavirusa yoluxması ilə bağlı səs yazısı yayılıb. İddialara görə, koronavirusun müalicəsi üçün nəzərdə tutulan xəstəxanalar uşaqlar üçün çarpayılarla təchiz olunub. Səs yazısında bildirilir ki, koronavirusun yeni ştammı daha çox uşaqlar arasında yayılır və ölümə səbəb olur. Bu məsələyə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) münasibət bildirib.

TƏBİB-dən AZƏRTAC-a daxil olan məlumatda deyilir: “Bununla əlaqədar bildiririk ki, Ümumdünya Səhiyyə Təşkilatının rəsmi açıqlamasına görə, yeni ştammın xəstəliyin ağırlıq dərəcəsinə təsir göstərməsi və bunun uşaqlar arasında daha geniş yayılmasına dair hər hansı fakt yoxdur. Yeni ştammın sadəcə yoluxmanın sürətini yüksəltməsi və bununla əlaqədar xəstə sayının artması istisna edilmir.

Ümumiyyətlə, sözügedən ştamm ölkəmizdə hələ ki, qeydə alınmayıb.

Bu səbəbdən yayılan səs yazısı şayiə xarakterlidir və cəmiyyətdə ajiotaj yaratmaq məqsədi daşıdığına görə, araşdırılması üçün aidiyyəti orqanlara təqdim olunub.

Məlumat üçün qeyd edək ki, hazırda əhalinin sağlamlığının etibarlı qorunması və koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xəstəxanalarda müalicə prosesi sabit şəkildə davam edir.

Bu səbəbdən vətəndaşlarımızdan yalnız rəsmi məlumatlara inanmağı xahiş edir, ayrı-ayrı şəxslərdən isə cəmiyyətdə çaşqınlıq yaradan açıqlamalardan çəkinməyi tövsiyə edirik”.

Kategoriler
Azertac

Müdafiə Nazirliyi Qubadlı rayonunun Mirlər kəndinin videogörüntülərini yayıb

Bakı, 31 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Qubadlı rayonunun işğaldan azad edilmiş Mirlər kəndinin videogörüntülərini paylaşıb.
AZƏRTAC Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.

Kategoriler
Azertac

Azərbaycandan keçməklə Çinə hərəkət edən qatar Qarsa çatıb

Ankara, 31 yanvar, AZƏRTAC

Bakı-Tbilisi-Qars dəmir yolu ilə Azərbaycandan keçməklə Ankara- Sian marşrutu ilə hərəkət edən yük qatarı Türkiyənin Qars dəmir yolu stansiyasına çatıb.

AZƏRTAC xəbər verir ki, qatar Kayseri, Sivas, Ərzurum və Sarıkamış bölgələrini qrafikə uyğun keçib, hərəkətdə heç bir ləngimə olmayıb.

Qeyd edək ki, Ankara- Sian yük blok qatarı da yola düşəcək. Qatar iki qitə, iki dəniz və beş ölkə keçməklə mənzil başına qədər ümumilikdə 7 min 792 kilometr yol gedəcək.

Hər biri 40 fut olan, 42 konteynerdən ibarət olan qatarın operatorları Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri – “ADY Konteyner” (Azərbaycan), “KTZ Express” (Qazaxıstan), “GR Logistics” (Gürcüstan) və “Pasifik Eurasia Logistics” (Türkiyə) şirkətləridir.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara