Kategoriler
Azertac

Müdafiə Nazirliyi Ağdam rayonunun Qullar kəndinin videogörüntülərini paylaşıb

Bakı, 31 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad edilmiş Ağdam rayonunun Qullar kəndinin videogörüntülərini paylaşıb.

AZƏRTAC Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.

Kategoriler
Azertac

Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirləri müavinlərinin sədrliyi ilə üçtərəfli İşçi qrupun iclası keçirilib

Moskva, 31 yanvar, AZƏRTAC

Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirləri müavinlərinin sədrliyi ilə üçtərəfli İşçi qrupun ilk iclası keçirilib.

AZƏRTAC Rusiya hökumətinin rəsmi saytına istinadla xəbər verir ki, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk və Ermənistan baş nazirinin müavini Mger Qriqoryanın sədrliyi ilə keçən üçtərəfli İşçi qrupunun iclasında Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidentinin 2021-ci il yanvarın 11-də imzaladıqları Bəyanatın yerinə yetirilməsi məsələləri müzakirə olunub.

İclasda 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatın 9-cu bəndindən, eləcə də 2021-ci il yanvarın 11-də imzalanmış bəyanatın 2-ci, 3-cü və 4-cü bəndlərindən irəli gələn vəzifələrin icrası məsələləri nəzərdən keçirilib.

Tərəflər dəmir yolu, avtomobil və qarışıq daşınmalar, daşımaların təhlükəsizliyinin, eləcə də onlara sərhəd, gömrük, sanitariya, baytarlıq, fitosanitar və digər nəzarətin təmin edilməsinə dair ekspert alt qruplarının yaradılması barədə qərar qəbul ediblər. Görüş iştirakçıları 2021-ci il fevralın 2-dək alt qrupları formalaşdırmaq və fevralın 5-dək onların ilk iclasının təşkil edilməsi barədə razılığa gəliblər.

Üçtərəfli İşçi qrupun növbəti iclasının Moskvada keçirilməsi qərara alınıb. İclasın vaxtı həmsədrlərlə razılaşdırılacaq.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Kategoriler
Azertac

Azərbaycan ilə Türkiyə arasında Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti müzakirə olunub

Bakı, 30 yanvar, AZƏRTAC

Yanvarın 30-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Respublikası milli müdafiə nazirinin müavini Yunus Emre Karaosmanoğlu ilə görüşüb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, general-polkovnik Z.Həsənov Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz olduğunu qeyd edərək, iki ölkə arasında hərbi əməkdaşlığın dostluq münasibətləri üzərində qurulduğunu, bu əməkdaşlığın inkişaf etdiyini və möhkəmləndiyini vurğulayıb. Ölkələrimiz arasında əlaqələrin inkişafında dövlət başçılarının dostluq münasibətlərinin mühüm rol oynadığını deyən general-polkovnik Z.Həsənov bu münasibətlərin Azərbaycan-Türkiyə hərbi və hərbi-texniki əməkdaşlığının möhkəmlənməsi və inkişafına müsbət təsir göstərdiyini xüsusi vurğulayıb.

General-polkovnik Z.Həsənov qeyd edib ki, tarixə Vətən müharibəsi kimi düşən İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatdı və torpaqlarımız 44 gün ərzində işğaldan azad edildi. Vətən müharibəsinin Azərbaycanın parlaq qələbəsi ilə sona çatmasında Türkiyənin mənəvi dəstəyinin böyük rol oynadığını xüsusi vurğulayan Müdafiə naziri Türkiyənin dövlət rəhbərliyinə və xalqına minnətdarlığını ifadə edib.

Müdafiə naziri ümidvar olduğunu bildirib ki, Azərbaycanın Ağdam rayonu ərazisində yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi səmərəli fəaliyyət göstərərək əldə olunan razılaşmaların icrasına nəzarət edəcək və regionda uzunmüddətli sülhün təmin edilməsinə töhfə verəcək.

Öz növbəsində, Türkiyə milli müdafiə nazirinin müavini Vətən müharibəsində qazanılan qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib, şəhid olan hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

Y.E.Karaosmanoğlu Birgə Monitorinq Mərkəzinin tam həcmdə fəaliyyət göstərməsi üçün görülən işlərə və mərkəzdə yaradılan şəraitə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib. Türkiyə milli müdafiə nazirinin müavini əmin olduğunu bildirib ki, mərkəz təyinatı üzrə fəaliyyət göstərərək qarşısında duran vəzifə və tapşırıqların öhdəsindən layiqincə gələcək, bölgədə sülhün və sabitliyin təmin edilməsinə nail olacaq.

Türkiyə milli müdafiə nazirinin müavini Azərbaycan ilə Türkiyə arasında münasibətlərin hazırkı vəziyyətindən məmnunluğunu ifadə edib və əməkdaşlığın bundan sonra da inkişaf edəcəyini qeyd edib.

Tərəflər hərbi əməkdaşlığın hər iki ölkənin maraqlarına xidmət etdiyini əsas gətirərək bu istiqamətdə, xüsusilə hərbi-texniki əməkdaşlıq və birgə təlimlərin keçirilməsi sahəsində səylərin daha da artırılmasının zəruriliyini qeyd ediblər. Bildirilib ki, Azərbaycan ilə Türkiyə arasında keçirilən hərbi təlimlər hər iki ölkə ordularının şəxsi heyətinin peşəkarlığının artırılması ilə yanaşı bölgədə sülhün, təhlükəsizliyin və sabitliyin qorunub-saxlanılmasına xidmət edir.

Görüşdə regional və ikitərəfli əməkdaşlıqla bağlı digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.

Kategoriler
Azertac

Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi açılıb

Ağdam, 30 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC

Ermənistan işğalından azad olunmuş Ağdam rayonunun ərazisində inşa edilən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yanvarın 30-da açılış mərasimi keçirilib.

Mərkəzin əsas məqsədi Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanatın bəndlərinin və əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə nəzarət etməkdir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Türkiyə milli müdafiə nazirinin müavini Yunus Əmrə Karaosmanoğlu və Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin iştirak ediblər.

Mərkəzdə yaradılan şəraitlə tanışlıqdan sonra Azərbaycan, Türkiyə və Rusiyanın dövlət himnləri səsləndirilib.

Açılış mərasimində çıxış edən müdafiə naziri Zakir Həsənov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın tam qələbəsi və ərazi bütövlüyünün bərpası ilə başa çatıb. Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanatla atəşkəs rejiminə nail olunub və 30 ilə yaxın davam edən münaqişəyə son qoyulub.

“2020-ci il noyabrın 11-də Rusiya və Türkiyənin müdafiə nazirləri arasında imzalanan atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılması barədə memorandum xüsusi əhəmiyyət kəsb edir. Mərkəzin fəaliyyəti regionda uzunmüddətli sülhün və təhlükəsizliyin bərqərar olmasına öz töhfəsini verəcək. Əminik ki, Mərkəzdə türk və rus həmkarlarımız arasında dost və işçi münasibətlər yaranacaq”, – deyə Azərbaycanın müdafiə naziri vurğulayıb.

Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin açılmasını sülhməramlı fəaliyyətdə mahiyyətcə yeni mərhələ adlandıran Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin Türkiyə ilə qarşılıqlı fəaliyyət sahəsində böyük müsbət təcrübəyə malik olduqlarını bildirib.

O qeyd edib ki, atəşkəs rejiminə nəzarət üzrə Birgə Monitorinq Mərkəzinin yaradılması Rusiya və Türkiyənin Müdafiə nazirliklərinin sıx əməkdaşlığına və bölgədə sabit sülh üçün əlverişli şəraitin yaradılmasına xidmət edir: “Azərbaycan, bilavasitə dövlət başçısının rəhbərliyi ilə bu gözəl mərkəzin yaradılması və zəruri avadanlıqla təchiz olunması üçün çox böyük iş aparıb. Bu, bizim sülhməramlı fəaliyyətimizdə mahiyyətcə yeni mərhələdir”.

Rusiyanın Türkiyə ilə qarşılıqlı fəaliyyət sahəsində böyük müsbət təcrübəyə malik olduğunu vurğulayan Aleksandr Fomin bildirib ki, Suriya ərazisində münaqişədən sonrakı nizamlama prosesində qarşılıqlı əməkdaşlıq buna gözəl nümunədir.

Həm rusiyalı, həm də türk hərbçilərinə müraciət edən Aleksandr Fomin deyib: “Bu torpaqlarda sülhün bərqərar olması üçün bütün zəruri tədbirlərin nə dərəcədə sürətlə və etibarlı görülməsi indi sizdən asılıdır”.

Türkiyə milli müdafiə nazirinin müavini Yunus Emre Karaosmanoğlu çıxış edərək, regionda sülh və sabitliyin Türkiyə, Rusiya və Azərbaycan prezidentlərinin səyləri və qətiyyətli iradələri ilə təmin olunduğunu diqqətə çatdırıb. Bildirib ki, son illərdə davam edən qlobal və regional proseslər Rusiya ilə əməkdaşlığımızla yanaşı, regional məsələlərin həllində dialoqun nə qədər mühüm əhəmiyyət kəsb etdiyini bir daha ortaya qoyub.

Türkiyənin həm ikitərəfli, həm də regional məsələlərdə Azərbaycan və Rusiya ilə nümayiş etdirdiyi həmrəyliyin Qafqazda sülh, sabitlik və inkişafın təmini üçün əhəmiyyətini vurğulayan Yunus Emre Karaosmanoğlu deyib: “Bu baxımdan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin önəmi böyükdür. Birgə Monitorinq Mərkəzi vasitəsilə atəşkəsə nəzarəti lazımi şəkildə təmin edərək sabitliyin qorunmasına birlikdə töhfə verəcəyimizə inanırıq. Gələcəkdə bu əməkdaşlığın davam etməsinin faydalı olacağını düşünürəm”.

O qeyd edib ki, Türkiyə və Rusiya əsgərləri birlikdə fəaliyyət göstərərək regionda sülh və sabitliyin təmin edilməsi missiyasını yerinə yetirəcəklər. Mərkəz atəşkəs rejiminə əməl olunmasına nəzarət etmək, bu barədə məlumatlar və faktları toplamaq, problemləri araşdırmaq, atəşkəsin qorunması ilə bağlı birgə tədbirlər görmək istiqamətində fəaliyyət göstərəcək.

Sonra ikitərəfli görüşlər keçirilib, Mərkəzin ərazisində ağac əkilib.

Qeyd edək ki, Monitorinq Mərkəzinin ümumi sahəsi 4 hektara yaxındır. Ərazidə 65 ədəd modul tipli xidməti, inzibati və yaşayış otaqları var. Bütün otaqlar zəruri avadanlıqlar, su, elektrik və istiliklə təmin olunub. Burada hər iki tərəfin birgə istifadəsi üçün ümumi monitorinq mərkəzi, brifinq zalı, 100 nəfərlik yeməkxana, tibb məntəqəsi, camaşırxana, bərbər, dərzi, mağaza da var.

Ərazidə su stansiyası, transformator, generator, avtomobil dayanacağı, açıq havada iki idman şəhərciyi, eləcə də iki örtülü idman zalı, ərzaq və soyuducu anbarlar yerləşir.

Bütün əraziyə perimetr boyu hasar çəkilib, 4 ədəd müşahidə nəzarət qülləsi quraşdırılıb, sutkalıq mühafizə təşkil olunub.

Şəxsi heyətin istirahətinin təşkili üçün zəruri avadanlıqla tam təmin edilmiş otaqlar da hazırlanıb.

Mərkəzin mühafizəsi Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən həyata keçirilir.

Monitorinq mərkəzinin türkiyəli şəxsi heyətinə general-mayor Abdullah Katırcı, rusiyalı şəxsi heyətinə isə general-mayor Viktor Fedorenko rəhbərlik edir.

Kategoriler
Azertac

Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə zəng edib

Yanvarın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Dövlətimizin başçısı Ağdam rayonunda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması ilə əlaqədar Rusiya Prezidentini təbrik edib.

Rusiya Prezidenti təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları bu Mərkəzin fəaliyyətinin bölgədə uzunmüddətli sülhün və sabitliyin təmin olunması işinə xidmət edəcəyini vurğulayıblar.

Prezident İlham Əliyev və Prezident Vladimir Putin noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəqliyyat-kommunikasiya bəndinin müddəalarının icrası ilə bağlı Moskvada Azərbaycan, Rusiya, Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində keçirilən görüşün əhəmiyyətini qeyd ediblər.

Söhbət zamanı strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Rusiya dostluq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik bildirilib.

Kategoriler
Azertac

Prezident İlham Əliyev Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədr müavinini qəbul edib

Bakı, 2 fevral, AZƏRTAC

Fevralın 2-də Azərbaycan Respublikasının Prezident İlham Əliyev Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədr müavini, Ankaradan deputat Mevlüt Karakayanı qəbul edib.

AZƏRTAC xəbər verir ki, Milliyətçi Hərəkat Partiyasının sədr müavini Mevlüt Karakaya partiyanın sədri Dövlət Baxçalının salamlarını Prezident İlham Əliyevə çatdırdı. O, dövlətimizin başçısının rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Zəfər münasibətilə Prezident İlham Əliyevi təbrik etdi.

Prezident İlham Əliyev Dövlət Baxçalının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Milliyətçi Hərəkat Partiyasının sədrinə çatdırmağı xahiş etdi.

Dövlətimizin başçısı Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana göstərdiyi siyasi, mənəvi və diplomatik dəstəyi xatırlatdı. Müharibə dövründə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatlarının Azərbaycana böyük dəstək olduğunu deyən Prezident İlham Əliyev Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının müttəfiqi olan Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının da açıqlamalarının siyasi, mənəvi önəm kəsb etdiyini dedi.

Milliyətçi Hərəkat Partiyasının sədr müavini Mevlüt Karakaya Azərbaycanın işğaldan azad edilən torpaqlarında mədəniyyət və incəsənət təmayüllü məktəbin tikintisi ilə bağlı təşəbbüs barədə dövlətimizin başçısına məlumat verdi. Bu xüsusda Azərbaycanın təhsil naziri və digər rəsmi şəxsləri ilə görüşdüyünü bildirdi.

Prezident İlham Əliyev bu təşəbbüsə görə təşəkkürünü bildirdi, azad edilmiş torpaqlarda aparılan bərpa və şəhərsalma işləri çərçivəsində bu təşəbbüsün nəzərə alınacağını dedi. İşğaldan azad olunan ərazilərdə şəhərlərin baş planlarının hazırlandığını vurğulayan dövlətimizin başçısı məktəb binası üçün münasib yerin seçilməsi məqsədilə müvafiq təlimatlar verəcəyini qeyd etdi.

Söhbət zamanı Azərbaycanla Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin uğurlu inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Kategoriler
Azertac

Vüqar Rəhimzadə: Xalqımız yaxşı bilir ki, torpaqlarımızı satan kimdir, onu əsarətdən qurtaran kimdir

Bakı, 29 yanvar, AZƏRTAC

Dövlət o zaman güclü olur ki, ona rəhbərlik edən lider ölkəsinin, xalqının gələcəyini düşünür, bu istiqamətdə təkmil strategiya müəyyənləşdirərək onun həyata keçirilməsinə nail olur. Müstəqillik yollarında ilk addımlarını atan ölkənin inkişafında idarəçilik qabiliyyətinin, zəngin təcrübənin nə qədər əhəmiyyətli rol oynadığının geniş şərhə ehtiyacı yoxdur. Bu baxımdan Azərbaycanın müstəqilliyimizin ilk illərində yaşadığı əsas problemlər idarəçiliyin yoxluğu, mövcud iqtisadiyyatı məhv etmək, ölkədə siyasi və silahlı anarxiyaya rəvac vermək, bir sözlə, o illərdə iqtidarda olanların şəxsi mənafelərini ümumi mənafelərdən üstün tutmaları idi desək qətiyyən mübaliğəyə yol vermiş olmarıq. 44 günlük İkinci Qarabağ müharibəsi bütün bu reallıqlara bir daha işıq saldı, torpaqları satanların, onları işğaldan azad edənlərin kimlər olduğunu ortaya qoydu.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, xəyanətkarların, satqınların toplaşdığı “milli şura” deyilən qurum sanki Azərbaycanda Ermənistanın səfirliyi, Əli Kərimli və onun kimilər isə Ermənistanın səfiri funksiyasını yerinə yetirir: “Vaxtilə torpaqlarımızı satan AXC-Müsavat cütlüyünün tör-töküntülərindən ibarət olan bu qurum yarandığı vaxtdan xalqa, dövlətə xəyanət yolunu tutub. Bu antimilli ünsürlərin davranışları hazırda Azərbaycanın hərbi-siyasi Qələbəsini həzm edə bilməməklə ermənilərin və ermənipərəst dairələrin sifarişlərinin icraçısı olduqlarını, onlar üçün hələ də dövlət, xalq, Vətən məfhumlarının arxa planda dayandığını tam çılpaqlığı ilə ortaya qoyur. AXCP sədri Əli Kərimli xəyallar aləminə səyahətə çıxarkən hakimiyyətə yenidən gələcəkləri təqdirdə hansı planları gerçəkləşdirəcəklərini açıqlamaqla xalqa bir daha birillik hakimiyyətləri dövründə törətdikləri faciələri xatırlatdı. Gəncləri Vətənə xəyanət ruhunda tərbiyə etməyə çalışan Əli Kərimlinin əlində alətə çevirdiyi bu tip olaylar hər kəsin yaddaşındadır. Xəyanətkar sədrin ssenarisi əsasında Vətənə xəyanət yolunu tutan, Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşüb əldə edilən razılaşma əsasında alacağı pullarla özünə təmtəraqlı həyat quracağını düşünənlər törətdikləri cinayətlərə görə həbs olunur, həbsdən çıxdıqdan sonra onların Ə.Kərimli haqqında etirafları hər kəsdə belə bir ünsürün özünü Azərbaycan vətəndaşı kimi təqdim etməyə haqqı olmadığı qənaətini təsdiqləyir”.

Baş redaktor bildirib ki, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev hər bir çıxışında, xalqa müraciətlərində torpaqlarımızın işğala məruz qalmasının səbəblərini xüsusi qeyd edir. Azərbaycan Prezidenti Qarabağın tacı olan Şuşamıza səfəri zamanı döyüşçülərlə görüşündə, həmçinin Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bu mühüm məqamı xüsusi diqqətə çatdırmışdır ki, tarixi həqiqətlər ölkə və dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılmalı, hər kəs bu həqiqətləri bilməlidir. Bu tarix hər kəsə məlumdur ki, 1992-ci ilin mayında o vaxtkı Azərbaycan rəhbərliyinin və hakimiyyət uğrunda mübarizə aparan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa işğal altına düşdü. O vaxt ermənilərin öz dırnaqarası əməliyyatlarına “dağlarda toy” adını verdiyini xatırladan dövlətimizin başçısı İlham Əliyevin bildirdiyi kimi, halbuki heç əməliyyat da keçirilməmişdi. Şuşa şəhəri boşaldılmışdı: “O vaxtkı müdafiə naziri demişdi ki, Şuşa əldən getsə, başıma güllə çaxacağam, qorxaqcasına Şuşadan qaçmışdı. Ondan sonra isə ermənilər guya bu əməliyyat haqqında əfsanələr uydurmuşdular – dağlarda toy. İndi biz onlara elə toy tutmuşuq ki, onlar bu dərsi əbədi yadda saxlayacaqlar. Qəhrəman Azərbaycan övladları mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Şuşanı işğalçılardan azad etmişlər və uzun fasilədən sonra noyabrın 8-də Şuşada Azərbaycan bayrağı qaldırılmışdır.

“Bədnam AXC-Müsavat cütlüyünün digər sahələr kimi, orduda yaratdığı acınacaqlı hal da yaddaşlardadır”, – söyləyən V.Rəhimzadə əlavə edib ki, həmin vaxt ordunun maddi-texniki təminatı yox dərəcəsində idi, eyni zamanda, əsgərlərin döyüş ruhunu artırmaq üçün arxa cəbhədə milli birlik də təmin edilməmişdi. Ön cəbhədə döyüşlərin getdiyi bir vaxtda arxa cəbhədə vəzifə davası aparılır, silahlı qruplaşmalar arasında açıq silahlı mübarizə gedirdi. Dağınıq vəziyyətdə olan Silahlı Qüvvələrimiz torpaqlarımızın müdafiəsinə deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət edirdi. Cəbhədə döyüşlərin getdiyi vaxt Surət Hüseynovun, İsgəndər Həmidovun, Rəhim Qazıyevin və başqalarının silahlı dəstələrinin paytaxtı hərbi poliqona çevirdiklərini xalq unutmayıb. Nəticədə erməni silahlı birləşmələri Dağlıq Qarabağla birgə ətraf yeddi rayonu da işğal etməyə nail oldular”. Budur bu gün özlərini xalqa, dövlətə canıyanan kimi göstərməyə çalışan ünsürlərin əsl siması. Dövlətimizin başçısı İlham Əliyev 44 günlük Vətən müharibəsi dövründə xarici KİV-lərə müsahibələrində daim Birinci Qarabağ müharibəsi dövründəki Azərbaycanla bugünkü Azərbaycanın müqayisəsini apararaq bu fikri böyük fəxr və qürurla qeyd edirdi ki, hazırkı Azərbaycan bütün sahələrdə davamlı uğurlara imza atan, dünya birliyinin fəal üzvünə çevrilən, sözünün imzası qədər dəyəri olan Azərbaycandır. Bu müddət ərzində Azərbaycan daha da gücləndi, beynəlxalq hüquq deyilən məfhumun mövcudluğunu dünyaya çatdırdı. Azərbaycan Prezidenti İlham Əliyev dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının tribunasından bəyan edirdi ki, bir qarış torpağımız belə düşmənə verilməyəcək. Biz imkan vermərik ki, Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılsın. Dövlətimizin başçısı hər bir vədini yerinə yetirdi. Tarixi Qələbəmiz bir daha möhtərəm Prezidentimizin dövləti, xalqı üçün necə Lider olduğunu nümayiş etdirdi. Təbii ki, hər kəs tarixdə özünün əməlləri ilə iz qoyur. Azərbaycanın müstəqilliyinin ilk illərində ölkəmizə rəhbərlik edənlərin hakimiyyət dövrü tariximizdə qara səhifə kimi yer alsa da, 1993-cü ildən başlanan yol davamlı inkişaf yoludur. Çünki bu yolu düzgün müəyyənləşdirən Lider bütün həyatını, ömrünü Azərbaycan xalqının bu gününə və gələcəyinə həsr etmişdir. 2003-cü ildən başlanan yol isə Heydər Əliyev yolunun davamıdır. Möhtərəm Prezidentimiz İlham Əliyev ərazi bütövlüyümüzü bərpa edərək, Dağlıq Qarabağ münaqişəsini tarixə qovuşduraraq ata vəsiyyətini, xalqımıza verdiyi hər bir vədi zamanı yetişəndə yüksək səviyyədə yerinə yetirməsi ilə qürur duyur.

Baş redaktor bildirib ki, tarix heç nəyi silmir. AXC-Müsavat cütlüyünün tör-töküntüləri bu gün özlərini xalqa vətənpərvər kimi təqdim etməyə nə qədər çalışsalar da, bunun mümkünsüzlüyünün fərqindədirlər. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Hər kəs bilməlidir, torpaqları satan kimdir, torpaqları əsarətdən qurtaran kimdir” çağırışı bu ünsürlərə ciddi mesaj, eyni zamanda, dərs olmalıdır.

Vüqar Rəhimzadə: Xalqımız yaxşı bilir ki, torpaqlarımızı satan kimdir, onu əsarətdən qurtaran kimdir
Kategoriler
Azertac

Nigar Arpadarai: AŞPA-nın qış sessiyasında ermənilərin böhtan xarakterli cəhdlərinin qarşısı alındı

Strasburq, 29 yanvar, AZƏRTAC

Azərbaycan nümayəndə heyətinin üzvləri AŞPA-nın qış sessiyasında fəal iştirak etdilər. Sessiya çərçivəsində keçirilən komitə iclasları çox böyük əhəmiyyət daşıyır. Çünki bütün məsələlər bu iclaslarda həll olunur və sonra plenar iclasa çıxarılır. Bu dəfə də komitə iclaslarında gərgin işlər getdi, ermənilərin bütün cəhdlərinin qarşısı alındı və onlar tam iflasa uğradılar.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində deputat Nigar Arpadarai söyləyib.

Deputat bildirib ki, erməni nümayəndə heyətinin sessiyanın gündəliyinə, qətnamə layihələrinə müəyyən iddialarını daxil etmək üçün hazırlaşıb gəldikləri elə ilk gündən məlum oldu. Xüsusilə də onlar atəşkəslə bağlı üçtərəfli bəyanatdan sonra Azərbaycan torpaqlarında saxlanılmış erməni diversant və terrorçularını “müharibə əsiri” kimi təqdim etməyə cəhd göstərdilər. Ancaq onların bu cəhdlərinə əvvəlcə Büroda, sonra isə Assambleyada fikir verilmədi, bu məsələlər heç müzakirəyə də çıxarılmadı. Erməni nümayəndə heyətinin Monitorinq Komitəsinin hesabatına da dəyişiklik etmək cəhdləri iflasa uğradı. Ermənilərin cəhdlərinin iflasa uğraması nümayəndə heyətimizin üzvlərinin əməyinin məhsuludur. Onlar bütün güclərini səfərbər edərək ermənilərin böhtan və yalan xarakterli cəhdlərinin qarşısını aldılar. Bu sessiya nümayəndə heyətimiz üçün çox uğurlu oldu. Əvvəllər ermənilər yalanlarını müəyyən hallarda yeridə bilirdilər, lakin indi artıq hamı bilir ki, beynəlxalq hüquq kimin tərəfindədir. Buna görə də artıq Azərbaycana münasibətdə tarazlığa riayət olunur.

AŞPA-da iki məruzəyə fikir bildirdiyini deyən N.Arpadarai qeyd edib : “Avropada etnik profilləşmə məruzəsi üzrə çıxış etdim. Bu mövzu üzrə hazırlanmış məruzə çox maraqlı idi. Məruzədə Avropada insanlara etnik mənşəyinə görə ayrı-seçkilik edilməsidir. Xüsusilə də polisin gündəlik yoxlama zamanı insanların etnik mənşəyinə görə profilləşdirməsindən söz açıldı.

Digər məruzə isə sosial mediadan asılılıq, eləcə də böyük texnoloji şirkətlərin söz və ifadə azadlığına təhdidlər yaratmasına həsr edilmişdi. Həqiqətən də bu gün böyük texnoloji şirkətlər siyasi, eləcə də həyatımızın bütün sahələrində mühüm hadisələrə güclü təsir edə bilir”.

Nigar Arpadarai: AŞPA-nın qış sessiyasında ermənilərin böhtan xarakterli cəhdlərinin qarşısı alındı
Kategoriler
Azertac

Belarus səfiri etimadnaməsinin surətini Azərbaycanın xarici işlər nazirinə təqdim edib

Bakı, 29 yanvar, AZƏRTAC

Yanvarın 29-da xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş səfiri Andrey Ravkovun etimadnaməsinin surətini qəbul edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, nazir Ceyhun Bayramov Azərbaycana səfir təyin olunması münasibətilə Andrey Ravkovu təbrik edib və səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb. Nazir Azərbaycan və Belarus arasında mövcud olan ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini məmnunluqla qeyd edib və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. İki ölkə liderləri arasındakı dostluq münasibətlərinin ikitərəfli əlaqələrin inkişafına əhəmiyyətli töhfə verdiyi bildirilib. Ceyhun Bayramov hər iki ölkənin mövqeyinin beynəlxalq hüquq prinsipləri, xüsusilə də suverenlik, beynəlxalq sərhədlər çərçivəsində ərazi bütövlüyünə hörmət və daxili işlərə qarışmamaq prinsiplərinə əsaslandığını ifadə edib.

Nazir müstəqilliyinin ilk günlərindən etibarən Azərbaycanın üzləşdiyi təhlükəsizlik təhdidləri, ərazilərinin 20%-nin Ermənistan tərəfindən hərbi işğalı, etnik təmizlənməsi, onilliklər ərzində davam edən işğal siyasəti, nəhayət 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin işğaldan azad edilməsi, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla hərbi əməliyyatlara son qoyulması və bölgədə hazırda mövcud olan vəziyyətlə bağlı Belarus səfirinə məlumat verib.

Səfir Andrey Ravkov Belarus Respublikasının xarici işlər naziri Vladimir Makeyin salamlarını nazir Ceyhun Bayramova çatdırıb. Ölkələrimiz arasında müxtəlif sahələr üzrə inkişaf edən əməkdaşlıq münasibətlərinin əsasında hər zaman beynəlxalq hüququn müstəqillik, suverenlik və ərazi bütövlüyünə dəstək prinsiplərinin dayandığı vurğulanıb. O, ikitərəfli əlaqələrin gələcəkdə daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib. Hərbi əməliyyatların dayandırılması və sülhün bərqərar olunması səyləri münasibətilə məmnunluq ifadə edən Belarus səfiri hazırkı mərhələdə üçtərəfli razılaşmaların yerinə yetirilməsinin əhəmiyyətini qeyd edib.

Tərəflər ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üzrə razılıqlarını ifadə ediblər.© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Belarus səfiri etimadnaməsinin surətini Azərbaycanın xarici işlər nazirinə təqdim edib
Kategoriler
Azertac

Beynəlxalq sülh və etimad ilinin açılışına həsr edilmiş tədbirdə Ceyhun Bayramov Qoşulmama Hərəkatının üzv ölkələri adından bəyanatla çıxış edib

Bakı, 29 yanvar, AZƏRTAC

Yanvarın 29-da xarici işlər naziri Ceyhun Bayramov beynəlxalq sülh və etimad ilinin açılış mərasiminə həsr edilmiş videokonfrans formatında keçirilən tədbirdə Qoşulmama Hərəkatının (QH) üzv ölkələri adından bəyanatla çıxış edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, çıxışında bu mühüm təşəbbüsə görə Türkmənistan tərəfinə təşəkkürünü bildirən nazir bu xüsusda BMT Baş Assambleyasının 73/338 saylı 12 sentyabr 2019-cu il tarixli qətnaməsinin qəbul edilməsini alqışlayıb.

Beynəlxalq sülhün təşviqi və dəstəklənməsinin QH üçün ən vacib məsələ olduğu, o cümlədən 2019-cu ilin oktyabrında Bakıda keçirilən 18-ci Zirvə görüşündə, hərəkata üzv dövlətlərin dövlət və hökumət başçılarının sülhün və təhlükəsizliyin, qanunun aliliyinin, iqtisadi inkişaf və sosial tərəqqinin, həmçinin bütün insan hüquqlarının qorunması və təşviqində əvəzolunmaz olan BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinin etibarlılığını bir daha təsdiq etdikləri vurğulanıb.

Nazir Ceyhun Bayramov QH üzv dövlətlərinin, dialoq, dözümlülük, qarşılıqlı hörmət, anlaşma və barışığın təşviqinə regional və beynəlxalq səviyyədə töhfə verməyin, radikalizmə, ekstremizmə və nifrət nitqinə qarşı mübarizə aparmağın vacibliyini bir daha təsdiq etdiklərini qeyd edib. Bu xüsusda, BMT Baş Assambleyasının dinlərarası və mədəniyyətlərarası dialoqun əhəmiyyətini vurğulayan 74/23 saylı qətnaməsinin qəbul edilməsini və onun sosial birliyin, sülhün və inkişafın, eləcə də fərdlər, cəmiyyətlər və millətlər arasında dözümlülük və hörmət mədəniyyətinin təşviqinə verdiyi dəyərli töhfənin QH tərəfindən alqışlandığı qeyd olunub.

QH-nin millətlərimizin və bütövlükdə bəşəriyyətin mənafelərinin təmin edilməsi üçün əvəzsiz olan BMT-nin və çoxtərəfli proseslərin gücləndirilməsi yolu ilə çoxqütblü bir dünya naminə çalışmaq əzmi ifadə edilib.

Beynəlxalq sülh və etimad ilinin açılışına həsr edilmiş tədbirdə Ceyhun Bayramov Qoşulmama Hərəkatının üzv ölkələri adından bəyanatla çıxış edib