Kategoriler
Azertac

“Məclisi – fəramuşan” poeziya məclisinin Azərbaycan-Özbəkistan şairlərinin iştirakı ilə növbəti görüşü

Daşkənd, 18 may, АZƏRTAC

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü, Azərbaycan Mədəniyyət Nazirliyi, hər iki ölkənin yazıçılar birliyi, Dünya Gənc Türk Yazarlar Birliyi, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin dəstəyi ilə “Məclisi – fəramuşan” poeziya məclisinin Azərbaycan-Özbəkistan şairlərinin iştirakı ilə növbəti görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, onlayn formatda keçirilən poeziya görüşündə çıxış edən AMM-nin direktoru Samir Abbasov 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan edildiyini və bu münasibətlə Mədəniyyət Mərkəzi tərəfindən ölkədə çoxsaylı tədbirlərin, layihələrin reallaşdığını bildirib. O, iki əsrdən sonra bərpa olunan məclisin keçirilməsinin əhəmiyyəti, onun iki ölkə arasında dostluğun, əməkdaşlığın inkişafına töhfəsi, yeni istedadların üzə çıxarılması və türk dünyası arasında ədəbi əlaqələrin genişlənməsinə dəstək olacağını qeyd edib.

S.Abbasov ötən ay “Məclisi – fəramuşan” poeziya görüşlərinin Ermənistanın işğalından azad olunan Azərbaycan mədəniyyətinin paytaxtı Şuşada keçirildiyini və hər iki ölkənin dövlət nümayəndələri, mədəniyyət, ədəbiyyat xadimlərinin rəsmi açılış tədbirində iştirakını, Azərbaycan Dövlət Televiziyasının “Körpü” verilişinin bütövlükdə Şuşada keçirilən “Məclisi – fəramuşan” poeziya görüşlərinə həsr olunmasını əlamətdar hadisə kimi vurğulayıb.

Direktor “Məclisi – fəramuşan” poeziya görüşləri vasitəsilə iki ölkə arasında ədəbiyyat sahəsində əməkdaşlıq platformasının yaradıldığını, şairlərin öz şeirlərini təqdim etməklə yanaşı, gələcəkdə ədəbiyyatın aktual məsələlərinə dair fikir mübadiləsi aparmaq imkanı əldə edə biləcəklərini vurğulayıb.

S.Abbasov növbəti illərdə məclisə Türk dünyasının digər ölkələrinin ədəbiyyat, yaradıcılıq təşkilatlarının, şairlərinin də cəlb ediləcəyini söyləyib.

Daha sonra hər iki ölkənin şairləri öz şeirlərini təqdim ediblər.

Qeyd edək ki, Azərbaycan tərəfdən məclisin moderatoru Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair Fuad Cəfərli, Özbəkistan tərəfindən Özbəkistan Yazıçılar İttifaqının üzvü, şairə Nargiz Asadova olub.

Məclisdə səsləndirilən şeirlər ilin sonunda Azərbaycan Mədəniyyət Nazirliyi və AMM-nin layihəsi əsasında Azərbaycan və özbək dillərində nəşr olunacaq.

Kategoriler
Azertac

Türkiyə-Azərbaycan qardaşlığı əbədi və sarsılmazdır

Bakı, 18 may, AZƏRTAC

“Heç bir zəfər məqsəd deyildir. Zəfər ancaq özündən daha böyük olan bir məqsədə çatmaq üçün lazım olan mühüm vasitədir. Məqsəd ideyadır. Zəfər bir ideyanın həyata keçirilməsinə etdiyi xidmətin nisbətinə görə öz dəyərini ifadə edir. Hər hansı bir ideyanın həyata keçirilməsinə əsaslanmayan bir zəfər davamlı ola bilməz”, – söyləyən türk dünyasının öndərlərindən biri Mustafa Kamal Atatürkün sözlərini “Azərbaycanda biz Atatürkün bütün türk dünyası üçün nə qədər böyük şəxsiyyət olduğunu xalqımıza bildirmişik” kəlamı ilə tarixiləşdirən ulu öndər Heydər Əliyev ümumtürk birliyinin möhkəmləndirilməsi xəttini ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biri kimi vacib hesab edirdi. Hər iki öndər Mərkəzi Asiyanın türkdilli dövlətləri ilə münasibətlərin gücləndirilməsinə üstünlük verərək, faydalı əməkdaşlığı genişləndirmək, möhkəmləndirmək, beynəlxalq təşkilatlarda bu həmrəyliyin gücünü göstərmək üçün tarixi xidmətlərə imza atıblar.

AZƏRTAC xəbər verir ki, bu fikirləri YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov söyləyib.

Onun sözlərinə görə, istər artıq tarixə göndərilmiş Dağlıq Qarabağ münaqişəsi dövründə, istərsə də İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə daim Azərbaycanın yanında olduğunu verdiyi dəstəklə sübut edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kimi, qardaş ölkənin rəsmiləri də dəfələrlə vurğulayırdılar ki, Türkiyə həmişə Azərbaycanla bir olub, bu qardaşlıq daimi olmaqla yanaşı, həm də sarsılmazdır. Bu dostluğun tarixi əhəmiyyətini 2009-cu ildə Naxçıvanda keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə toplantısında “Biz bilirik ki, beynəlxalq müstəvidə öz mövqeyini müdafiə etmək bəzi hallarda o qədər də asan olmur. Biz birlikdə olsaq, müəyyən məsələlərdə vahid mövqedən çıxış etsək və bu birliyi mütəmadi işlərlə möhkəmləndirsək, bizim beynəlxalq mövqelərimiz daha da güclü olacaqdır” ifadəsi ilə diqqətə çatdıran Prezident İlham Əliyevin sözləri artıq perspektiv deyil, reallıqdır. Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımızın 44 gün davam edən İkinci Qarabağ müharibəsində azad edilməsində siyasi, mənəvi, hərbi dəstəyini əsirgəməyən qardaş ölkə ilə Azərbaycanın birlik və həmrəyliyi əsrlərə söykənən tariximizin, soy kökümüzün əbədiyyət rəmzidir.

2020-ci il dekabrın 10-da “Dəmir yumruq” əməliyyatının Qələbə müjdəsi olan Zəfər paradını türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə birgə izləyən Prezident İlham Əliyevin məğrur görünüşü, eyni zamanda, Azərbaycan-Türkiyə dostluğun əbədiyyət rəmzi idi. Türkiyə kimi müttəfiqi olan Azərbaycan İkinci Qarabağ savaşında tarixi missiyanı yerinə yetirdi, ədaləti, ərazi bütövlüyünü bərpa etdi.

Dünyanın tanınmış KİV-lərinə müsahibələrində Türkiyənin ölkəmizə mənəvi dəstəyini yüksək qiymətləndirən Prezident İlham Əliyevin vurğuladığı kimi, bu dostluq döyüş əməliyyatlarının aparıldığı günlərdə bir daha təsdiqləndi. Düşmən Ermənistan üzərində Zəfərimiz hər iki xalq tərəfindən təntənə ilə qeyd edildi. Türk dünyasının birlik və həmrəyliyinin lokomotivi olan hər iki dövlət arasındakı siyasi, iqtisadi, hərbi, elmi-texnoloji, kommunikasiya sahəsində olan əlaqələri daha da gücləndirən Şuşa Bəyannaməsinin imzalanması bu qardaşlığın yeni səhifəsi kimi tarixi əhəmiyyəti ilə seçildi.

Bu gün də Müttəfiqlik Bəyannaməsinin imzalanmasını Zəfərimizin davamı, əlamətdar hadisə adlandıranların sevinclərini “Bu səfərin tarixi əhəmiyyəti var. Çünki bu gün imzalanmış Birgə Bəyannamə – Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır” sözləri ilə ifadə edən Prezident İlham Əliyevin vurğuladığı kimi, Türkiyə və Azərbaycan arasındakı tarixi, mənəvi, ortaq etnik köklərə bağlılıq, oxşar dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı həmrəyliyi dünya miqyasında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsidir. Müttəfiqlik Bəyannaməsində 100 il bundan əvvəl imzalanmış tarixi Qars müqaviləsinə istinad olunması, dövlətlərarası iş birliyinin gələcək istiqamətlərinin əksini tapması hər iki dövlətin təşəbbüsü ilə reallaşan enerji, nəqliyyat layihələrinin əhəmiyyətinin, müdafiə sahəsində əməkdaşlığın ön planda göstərilməsi Türk dünyasının tarixi nailiyyətidir.

İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn qaydada keçirilən Zirvə toplantısındakı çıxışındakı “Türkiyə bizim qardaşımızdır. Türkiyə bizim böyük müttəfiqimizdir. Azərbaycan xalqı Türkiyə kimi müttəfiqi olmasından çox məmnundur. Azərbaycan və Türkiyə xalqları və əminəm ki, dünyada bir çoxları Prezident Ərdoğanın Türkiyənin yalnız dünyada ən önəmli güc mərkəzlərindən birinə çevrilməsində deyil, eləcə də regionda təhlükəsizliyin təmin edilməsindəki tarixi rolundan açıq şəkildə xəbərdardırlar. Türkiyə geniş regionda təhlükəsizlik və sabitliyin təmin olunmasında çox önəmli rol oynayır” sözləri ilə Azərbaycan-Türkiyə münasibətlərini İslam həmrəyliyinin aparıcı gücü kimi dəyərləndirən Prezident İlham Əliyev qardaş Türkiyənin İslam həmrəyliyinin möhkəmlənməsindəki rolunu da yüksək qiymətləndirmişdir. Humanitar çağırışların, təşəbbüslərin müəllifi kimi tanınan Azərbaycan islamofobiyaya qarşı mübarizədə fəal iştirak etməklə multikultural dəyərlərə malik tolerant dövlət olduğunu əməli fəaliyyəti ilə təsdiqləyir. İşğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə, dini abidələrimizin bərpasına yardım etmək istəyən müsəlman ölkələrinin Azərbaycana müraciətləri türk həmrəyliyinin ifadəsidir.

A.Süleymanov diqqətə çatdırıb ki, postmüharibə dövründə işğaldan azad edilmiş əraziələrdə aparılan bərpa-quruculuq işlərində Türkiyə şirkətlərinin iştirakı Ermənistandan səslənən revanşist çağırışlara da qətiyyətli cavab oldu.

Zəfər yolunun təməlqoyma mərasimində, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsində hər iki dövlətin başçılarının birgə iştirakı o deməkdir ki, Azərbaycana dost-qardaş yardımını əsirgəməyən Türkiyə hazırda dünya siyasətində aktuallığı ilə seçilən və bölgə üçün böyük əhəmiyyət malik Zəngəzur dəhlizinin bərpasında da qətiyyət göstərəcək. Tarixi, strateji maraqlar, regional əhəmiyyəti baxımından diqqətçəkən, sadəcə, kommunikasiyaların keçəcəyi dəhliz deyil, azərbaycanlıların tarixi Vətəni olan Zəngəzur dəhlizinin bərpasında da orta maraqlar baxımından qətiyyət göstərən hər iki qardaş ölkə Şərqdən Qərbə uzanan və hər kəsin istifadə edə biləcəyi yeni körpünün inşasında da birgə çalışacaqlar.

Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu günlərdə qardaş ölkəyə işgüzar səfəri çərçivəsində Rize-Artvin Hava Limanının açılışında birgə iştirak edən Prezident İlham Əliyev çıxışının mərasim iştirakçıları tərəfindən alqışlarla qarşılanması qardaş səmimiyyətinin ifadəsi idi. Hər iki ölkənin dövlət başçıların birgə iştirakı ilə keçirilən Füzuli Beynəlxalq Hava Limanının açılışından sonra Rizə-Artvin Hava Limanının istifadəyə verilməsi iki ölkə arasındakı nəqliyyat –kommunikasiya infrastrukturunun şaxələnmiş istiqamətinin nümunəsidir. Səfər çərçivəsində Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalının Prezident İlham Əliyevə ulu öndər Heydər Əliyevlə görüşlərini əks etdirən fotolar və üzərində “Qarabağ Fatehi” yazısı olan tapança hədiyyə etməsi siyasi birliyin tərkib hissəsi idi. Prezident İlham Əliyevin vurğuladığ kimi, qardaş Türkiyə nəinki dünya miqyasında böyük güc mərkəzinə çevrilib, söz sahibi olub, eyni zamanda, ölkə daxilində insanlara xidmət naminə həyata keçirilən bütün layihələr Türkiyənin inkişafını, gücünü göstərən amillərdir.

“Qeyd olunduğu kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xalqa xidmət siyasətinin növbəti nümunəsi olan bu hava limanının açılışı Türkiyənin gələcəyə inamla, qətiyyətlə addımladığının ifadəsi, dost və qardaş ölkələr üçün əlverişli hava məkanının yaradılmasıdır.

“Bu duyğularla bir daha Rize-Artvin Hava Limanımızın şəhərlərimizə və bölgəmizə xeyirli olmasını diləyirəm. Bu hava limanının ölkəmizə qazandırılmasında əməyi keçən başda nəqliyyat nazirimə, heyətinə, memar, mühəndis və işçilərimizə, podratçı firmalarımıza sizin hüzurunuzda xüsusilə təşəkkür edirəm. Hava limanımızın açılış sevincini bizimlə bölüşən hörmətli Əliyev qardaşıma bir daha minnətdarlığımı bildirirəm”, – söyləyən Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycanla Türkiyə arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini məmnuniyyətlə bildirməsi Azərbaycan-Türkiyə qardaşlığının daimi, əbədi və sarsılmazlığının təsdiqi, tarixi hadisədir”, – deyə YAP Nəsimi rayon təşkilatının sədri vurğulayıb.

Kategoriler
Azertac

Türkiyədə səfərdə olan Azərbaycan nümayəndə heyəti Anıtqəbri ziyarət edib

Ankara, 18 may, AZƏRTAC

Azərbaycanın səhiyyə naziri Teymur Musayev rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə rəsmi səfəri çərçivəsində mayın 18-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını – Anıtqəbri ziyarət edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Səhiyyə Nazirliyinin adından Anıtqəbrə əklil qoyulub.

Türkiyə xalqının böyük oğlunun xatirəsinə dərin ehtiram göstərilib.

Azərbaycan nümayəndə heyəti Anıtqəbir muzeyi ilə tanış olub. Nazir Teymur Musayev xatirə kitabına ürək sözlərini yazıb.

Kategoriler
Azertac

Türkiyədə “Azərbaycanı daha yaxından tanıyaq!” devizi altında yeni layihəyə start verilib

Ankara, 18 may, AZƏRTAC

Azərbaycanın Türkiyədəki səfirliyi qardaş ölkənin təhsil müəssisələrində “Azərbaycanı daha yaxından tanıyaq!” devizi altında yeni layihəyə start verib. Layihə əsasında Azərbaycan Xalq Cümhuriyyəti və Cümhuriyyət qurucularının tarixi fədakarlığı, ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası, Prezident İlham Əliyevin zəngin mənalı həyat və fəaliyyəti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxistiqamətli fəaliyyəti, xalqımızın qədim mədəniyyəti, həmçinin görkəmli şəxsiyyətləri və s. barədə ətraflı məlumat veriləcək.

AZƏRTAC xəbər verir ki, bu layihə çərçivəsində Türkiyədəki universitet və məktəblərdə Azərbaycan otaqlarının qurulmasına başlanılıb.

İlk Azərbaycan otağı Müstəqillik Günü və Azərbaycan ilə Türkiyə arasında diplomatik əlaqələrin yaradılmasının 30 illiyi münasibətilə Samsun vilayətinin Bafra rayonunun Kolay kənd orta məktəbində (Samsun Bafra Kolay Orta okulu) qurulub və otağın açılışı olub.

Məktəbin müəllim və şagirdlərinin böyük sevinclə qarşıladığı açılışda Azərbaycanın Türkiyədəki səfirliyinin birinci katibi Elxan Zeynalov layihə və onun ayrı-ayrı hissələri barədə müfəssəl məlumat verib.

Layihəyə Samsundan start verilməsi təsadüfi deyil. Çünki Samsun Türkiyənin milli azadlıq mübarizəsində öz yeri və rolu ilə seçilən bölgədir. Qazi Mustafa Kamal Atatürk silahdaşları ilə birlikdə 1919-cu il mayın 19-da Samsun sahillərinə çıxaraq qədim türk yurdunun qurtuluş mübarizəsinə başlayıb. Bu tarixi həqiqətlə öyünən samsunluların Qarabağ Zəfərini xüsusi bir sevinclə qarşılaması olduqca təbiidir. Ən azı ona görə ki, Anadolunun bu məkanında gözünü həyata açan hər kəs vətənpərvərlik eşqi ilə tərbiyə olunur, torpaq və yurd sevdası ilə böyüyür.

Digər tərəfdən, Samsundakı Kolay kənd orta məktəbinin direktoru Faruk Akkurt Azərbaycanın Türkiyədəki səfirliyinə məktubla müraciət edərək, müəllim və şagirdlərin Azərbaycanı daha yaxından tanımaq arzusunu və istəklərini diplomatik nümayəndəliyimizə çatdırıb.

Məktəbdə yaradılan Azərbaycan otağında 11 lövhədən ibarət məlumatlandırıcı stendlər quraşdırılıb.

Kategoriler
Azertac

Azərbaycan neftinin qiyməti 123 dolları ötüb

Bakı, 18 may, AZƏRTAC

Azərbaycan neftinin qiyməti bahalaşıb.

AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 3,79 dollar artaraq 123,18 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.

Kategoriler
Azertac

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Əlişir Nəvaiyə həsr olunan tədbir keçirilib

Bakı, 17 may, AZƏRTAC

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Özbəkistan Respublikası Ali Məclisi Qanunvericilik Palatasının deputatları ilə görüş keçirilib. Görüş çərçivəsində türk dünyasının böyük söz ustadı Əlişir Nəvainin 580 illik yubileyinə həsr olunmuş tədbir və təşkilatın himayəsi ilə çap olunan “Əlişir Nəvai Əsərləri” kitabının təqdimat mərasimi təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qonaqları salamlayaraq, təşkilatın struktur və məqsədlərindən, türk dünyasının zəngin mədəniyyətinin beynəlxalq aləmdə təbliği yönündə genişmiqyaslı fəaliyyətindən bəhs edib. Fondun prezidenti çıxışında Özbəkistanın qədim mədəniyyəti, tarixi, dünya elminə və mədəniyyətinə töhfələr bəxş etmiş dahi şəxsiyyətləri, memarlıq abidələri ilə türk dünyasında xüsusi yerə sahib olduğunu vurğulayıb. Özbəkistan ilə əməkdaşlığın Fond üçün önəmli olduğuna toxunan Günay Əfəndiyeva, münasibətlərin inkişafının türk xalqlarının bir-birinə yaxınlaşmasında önəmli rol oynayacağını bildirərək, Özbəkistanın qədim irsinin tanıdılması istiqamətində müxtəlif layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb: “Bu layihələrdən biri təşkilat tərəfindən türk ədəbiyyatının böyük nümayəndələrindən Əlişir Nəvainin 580 illiyi münasibətilə çap olunan “Əlişir Nəvai Əsərləri” kitabıdır. Kitabı Əlişir Nəvainin şeirləri ilə yanaşı, özbək orta əsrlər incəsənətinin nümunələrindən olan miniatürlər bəzəyir. Şairin şah əsəri sayılan “Xəmsə”ni türk dilində yazması onun türk dünyasına olan sevgisinin, ehtiramının və bağlılığının təzahürüdür”.

G.Əfəndiyeva kitabı çağataycadan Azərbaycan dilinə uyğunlaşdıran filologiya elmləri doktoru Ramiz Əsgərin nəşrin ərsəyə gəlməsində əməyini yüksək dəyərləndirib.

Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov tədbirin təşkilinə görə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidentinə təşəkkür edib. Səfir bildirib ki, bugünkü tədbir iki qardaş dövlət – Özbəkistan ilə Azərbaycan arasında əməkdaşlığın uğurlu inkişafının daha bir parlaq nümunəsidir. “Mən bu məkanda səslənən səmimi sözləri son illərdə ölkələrimizin rəhbərlərinin səyləri nəticəsində ikitərəfli münasibətlərdə əldə edilmiş yüksək etimad, dostluq və qarşılıqlı anlaşma ilə əlaqələndirirəm. Əvvəl qeyd edildiyi kimi, Nəvai bütün həyatını türk dilinin inkişafına həsr edib və bu işdə böyük nailiyyətlər qazanıb. Türk dilində özünəməxsus yazı üslubu ilə seçilən Əlişir Nəvai həmçinin öz dövrünün böyük hörmət və ehtiram sahiblərindən olub. Böyük şair poetik və nəsr əsərlərində yüksək ümumbəşəri ideyaları, özbək dilinin misilsiz zənginliyini və sonsuz ifadə imkanlarını nümayiş etdirməklə, milyonlarla oxucu qəlbində layiqli yer tutmuşdur”, – deyə səfir qeyd edib.

Milli Məclisinin deputatı, akademik Nizami Cəfərov tədbirin keçirilməsinin önəmindən bəhs edib: “Bu tədbir Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun ilk böyük işi deyil. Fond tərəfindən Türk xalqları ədəbiyyatının, mədəniyyətinin yaxınlaşması, irslərimizə ortaq şəkildə sahib çıxmağımız üçün xeyli işlər görülüb. Əlişir Nəvaiyə bənzəmək orta əsrlərdə ibadət kimi idi. Onun yaradıcılığı türk əbədiyyətinin bənzərsiz nümunələrindəndir”.

Özbəkistan Ali Məclisi Qanunvericilik Palatasının deputatı Oydin Abdullayeva Əlişir Nəvainin dünya ədəbiyyatındakı əvəzsiz yerindən bəhs edərək vurğulayıb ki, Asiya intibahının aparıcı mütəfəkkiri sayılan Nəvainin dünya ədəbiyyatına verdiyi töhfələr mədəniyyətlərin qarşılıqlı təsirinin parlaq nümunəsidir. Nəvai bütün həyatını türk dilinin inkişafına həsr edərək, bu işdə böyük uğur qazanıb. Böyük şairin əsərləri fars, italyan, alman, fransız, hind, türk, ingilis, rus, Azərbaycan, türkmən və digər dillərə tərcümə edilərək təkrar-təkrar nəşr olunur. Əlişir Nəvainin əvəzsiz yaradıcılıq və elmi irsi təkcə özbək xalqının deyil, dünya ədəbiyyatı tarixində, milli mədəniyyətimizin və ədəbi-estetik təfəkkürümüzün inkişafında da xüsusi yer tutur.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Hikmət Babaoğlu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən önəmli işlər görüldüyünü qeyd edib: “Türk dünyasının gələcəyini təyin edəcək faktorlar ortaq ədəbiyyatımız, tariximiz, mədəniyyətimizdir. Bunların içərisində şübhəsiz Əlişir Nəvai xüsusi yerə malikdir. Nəvai milli kimliyinin fərqində olan dərin düşüncəyə sahib mühafizəkar bir ədib idi.“

Özbəkistan Ali Məclisi Qanunvericilik Palatasının deputatı Xurşid Dosmuhamedov bildirib ki, iki qardaş xalq Əmir Teymur, Cəloliddin Mənquberdi, Nizami Gəncəvi, Uluqbəy və Nəsrəddin Tusi, Füzuli kimi böyük tarixi şəxsiyyətləri sayəsində bir-birinə yaxın bağlılığı vardır. “Tək özbəklərin deyil, bütün türk xalqlarının ədəbiyyatının böyük nümayəndəsi, şair, alim Əlişir Nəvai Nizami Gəncəvi ənənələrini davam etdirərək, onu öz müəllimi hesab etmişdir. Ramiz Əsgərin özbək mədəniyyətinin təbliğindəki xidmətləri əvəzsiz və təqdirəlayiqdir”.

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid türk məkanı olan Beynəlxalq Türk Mədəniyyəti Fondunda tez-tez türk dünyasının mədəni həyatını əks etdirən tədbirlər keçirildiyini bildirib. R.Məcid Nəvainin türk ədəbiyyatına təsirindən söz açaraq, onu bütün türk dünyasının söz sənətkarı adlandırıb.

Tədbirdə çıxış edən filologiya elmləri doktoru, professor Ramiz Əskər tərtib etdiyi kitab haqqında məlumat verib. “Özbəkistan minillik tarixi, mədəni keçmişə malikdir. Əlişir Nəvai çağatay ədəbiyyatının şahıdır və türk dünyasının ən böyük şairlərindəndir. Puşkinin, Dantenin, Şekspirin dünya ədəbiyyatında yeri nə qədərdirsə, Əlişir Nəvainin də Özbək və türk dünyası ədəbiyyatında yeri ondan da artıq dərəcədədir”.

Tədbirin bədii hissəsində Azərbaycan Respublikasının Xalq artisti Vaqif Əsədovun quruluşunda aktyor və aktrisaların ifalarında şairin şeirləri səsləndirilib və Özbəkistanın milli musiqisi təqdim olunub.

Tədbirin sonunda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva tərəfindən türk dünyası ədəbi irsinin tanıdılmasındakı xidmətlərinə görə Ramiz Əsgərə və türk dünyası sənət irsinin tanıdılmasındakı xidmətlərinə görə Vaqif Əsədova plaket, Özbəkistan Ali Məclisi Qanunvericilik Palatasının sədri tərəfindən Ramiz Əsgərə Nəvai yaradıcılığının təbliğində gördüyü işlərə görə ünvanlanan təşəkkür məktubu və digər hədiyyələr təqdim olunub.

Kategoriler
Azertac

“Euronews” “Xarıbülbül” festivalının videosunu yayımlayıb

Bakı, 17 may, AZƏRTAC

Dünyanın məşhur çoxdilli xəbər kanalı olan “Euronews” Şuşada keçirilən 5-ci “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı haqqında video yayımlayıb.

AZƏRTAC xəbər verir ki, festivalın görüntülərindən ibarət video “Cümə axşamı, mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Xarıbülbül” adlı V Beynəlxalq Folklor Festivalı işə başlayıb” başlığı ilə paylaşılıb.

Kategoriler
Azertac

Türkiyədə terror aktı törətməyi planlaşdıran terrorçu-kamikadzelər saxlanılıb

İstanbul, 17 may, AZƏRTAC

Türkiyənin Bursa vilayətində terror aktı törətməyi planlaşdıran terrorçu-kamikadzelər saxlanılıb.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Türkiyənin Daxili İşlər Nazirliyindən açıqlama verilib.

Məlumata əsasən, İŞİD üzvü olan Muhammed Elali adlı terrorçunun ünvanında aparılan axtarış zamanı İŞİD terror təşkilatına məxsus çox sayda rəqəmsal material ələ keçirilib.

Türkiyənin Çorum vilayətində saxlanılan bu şəxsin daha iki nəfərlə ölkədə terror aktı hazırlığında olduğu müəyyən edilib. Bu istiqamətdə başladılan istintaq nəticəsində terrorçulardan üçü də ələ keçirilib.

Kategoriler
Azertac

Qırğızıstanın Çolpon-Ata şəhərində beynəlxalq turizm sərgisi açılıb

Bişkek, 17 may, AZƏRTAC

Qırğızıstanın İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində “Issyk-Kul ITF – 2022” beynəlxalq turizm sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, Çingiz Aytmatov adına Açıq səma Muzeyinin ərazisində təşkil olunan sərgidə turizm sahəsində fəaliyyət göstərən dövlət qurumları, mədəniyyət birlikləri, turizm şirkətləri, turoperatorlar və digər təşkilatlar iştirak ediblər.

Yarmarkada Qırğızıstanın bütün bölgələrini əhatə edən çadırlarda tanınmış şəxsiyyətlərin portretləri, təbiət, investisiya imkanları, yerli mətbəx mədəniyyəti, geyim, əl işləri və incəsənət nümunələri təqdim olunub.

Tədbir çərçivəsində yerli və xarici turizm qurumları, hostellər, qonaq evləri öz məhsul və xidmətlərini nümayiş etdiriblər.

Çolpon-Atada Qırğızıstan və Türkiyə, Macarıstan, Rusiya, Özbəkistan, Monqolustan, Çin, Qazaxıstan, Gürcüstan, İran və Qətər öz məhsullarını sərgiləyib.

Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov da iştirakçılar arasında olub.

Tədbirdə Qırğızıstan Nazirlər Kabinetinin sədri Akilbek Japarov çıxış edib.

Türkiyənin tanıdılması üçün Atatürk heykəlinin qarşısında 3 qırğız çadırı və stend qurulub, onlar Türkiyə bayraqları, dövlət qurumlarının plakatları, tarixi şəxsiyyətlərin rəsmləri ilə bəzədilib.

Tədbir çərçivəsində 2022-ci ildə türk dünyasının mədəniyyət paytaxtı Bursaya həsr olunmuş xüsusi stend qurulub.

Türkiyənin Bursa şəhərinin fəxri olan ipək və şüşə keramikadan hazırlanmış məhsullar və milli mətbəx nümunələri nümayiş etdirilib.

Tədbirin ikinci günündə ənənəvi olaraq Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində “İssık-Kul marafonu” keçirilib. Xarici ölkələrin Qırğızıstandakı səfirləri də marafonda iştirak ediblər.

Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilovun da qatıldığı marafonda səfirlərə rəmzi olaraq Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər naziri Azamat Camankulov tərəfindən xatirə medalları təqdim olunub.

Kategoriler
Azertac

Azərbaycan və Qazaxıstan parlamentlərinin vitse-spikerləri arasında görüş keçirilib

Bakı, 17 may, AZƏRTAC

Mayın 16-da Milli Məclis sədrinin müavini, Qazaxıstanla Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Adil Əliyev ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Parlament Məclisi sədrinin müavini, Azərbaycanla parlament dostluq qrupunun rəhbəri Balaim Kesebayeva ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qonağı salamlayan Adil Əliyev ölkələrimizin tarixi əlaqələrindən danışaraq, bu münasibətlərin yüksələn xətlə inkişaf etməsinin hər iki ölkənin mənafeyinə uyğun olduğunu qeyd edib. Bildirib ki, dostluq münasibətlərinin inkişafında və möhkəmləndirilməsində parlamentlərarası əməkdaşlıq mühüm yer tutur.

Azərbaycanın 30 il ərzində işğal altında qalmış tarixi torpaqlarının azad edilməsinə toxunan sədr müavini, bu Qələbədən sonra regionda yaranmış yeni vəziyyət barədə danışıb. Adil Əliyev ölkəmizin hər zaman sülh mövqeyindən çıxış etdiyini bildirərək, Ermənistandakı bəzi dairələrin bu sülhdən narahat olduğunu və hər vəchlə buna mane olmağa cəhd etdiyini bildirib. Eləcə də ölkəmizin ərazisinin minalarla ən çox çirkləndirilmiş bölgələrdən biri olduğunu deyən sədr müavini, Azərbaycanın bu sahədə ən az yardım alan ölkələrin sırasında olduğunu qeyd edib. O bildirib ki, Ermənistanın mina xəritələrini tam təqdim etməməsi səbəbindən mülki şəxslər və hərbçilər bu minaların qurbanına çevrilir və ya xəsarət alırlar.

Adil Əliyev diqqətə çatdırıb ki, bütün bunlara baxmayaraq, uzun illər işğal altında qalmış və dağıdılmış tarixi Azərbaycan torpaqlarında aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri sayəsində bu yerlərə yeni nəfəs gəlib.

Qazaxıstan Respublikası Parlament Məclisi sədrinin müavini Balaim Kesebayeva səmimi görüşə görə minnətdarlığını bildirərək, iki qardaş dövlət arasında dostluğun daha da dərinləşməsindən məmnunluğunu ifadə edib. O, müxtəlif istiqamətlərdə olan əməkdaşlıq münasibətlərimizin ölkələrimizə töhfə verdiyini qeyd edib, istər ikitərəfli, istərsə də beynəlxalq miqyasda hər iki ölkənin bir-birinə dəstək verməsinin dostluğumuzun simvolu olduğunu qeyd edib.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər də müzakirə edilib.

Görüşdə Milli Məclisin deputatları, Qazaxıstanla parlamentlərarası işçi qrupunun üzvləri Sadiq Qurbanov, Sevinc Hüseynova və Anar Məmmədov da iştirak ediblər.